Vaxt.Az

«Bu lap dəhşətdi ki, ...»


 

Ələkbərovun ittiham etdiyi Abdullayev: «Kim ki «yanır», günahı bizim üstümüzə atmalıdı?»

«Bu lap dəhşətdi ki, ...» Azərbaycanın U-21 millisinin baş məşqçi vəzifəsini müvəqqəti icra edən Samir Ələkbərovun açıqlamaları son günlərin əsas xəbərinə çevrilib. Ələkbərov U-21 millisinə futbolçu çağırmaq üçün ona sifarişlər gəldiyini bildirib, həmin sifarişlərin İsgəndər Cavadov, Oqtay Abdullayev və Novruz Əzimovdan gəldiyini deyib. Həmin futbolçu isə Portuqaliyanın 3-cü liqasında yarışan «Louletano» klubunun oyunçusu, «Bakı» klubunundan tanıdığımız Yaşar Seyidovun oğlu Valeh Seyidov olub.

Ələkbərovun adını hallandırdığı Oqtay Abdullayevlə əlaqə saxlayaraq, haqqında səslənən ittihamlara cavab aldıq. «Turan Tovuz» klubunun Müşahidə Şurasının sədri olan Abdullayev bunları dedi:

 

- Samir gəlirdi bazaya. Məsləhət elədik ki, azərbaycanlı futbolçularımızdı. Mən heç Valehi tanımıram. Oyununu görməmişəm. Bilirəm ki, Yaşar Seyidovun oğludur, «Bakı»da oynayıb. Dedi mən onu yoxladım, nə bilim nə. Kimi məcbur etmək olar ki? Sadəcə, məsləhət verə bilərik. Gərək heç kimə məsləhət verməyəsən. «Turan Tovuz» klubunun Müşahidə Şurasının sədriyəm. Mənə də oyunçu təklif edirlər. Ancaq mən deyirəm ki, yoxlamadan heç nə deyə bilmərik. Düzü, onun dediyini oxumamışam. Mən Valeh Seyidovun atasını yaxşı tanıyıram, özünü yox. Özünü oyunçu kimi görməmişəm. Samirlə görüşəndə, onu təbrik edib, belə bir oyunçu olduğunu dedim. Dedim ki, Yaşar Vahabzadə yerli oyunçulara çox şans vermədiyinə görə çox tənqid olundu. Buna görə, ona həmin oyunçunu sınamalı olduğunu bildirdim. Məsləhət verdim.

 

- Bu barədə sizdən Yaşar Seyidov özü xahiş etmişdi?

- Yox, mənim ümumiyyətlə bu barədə Yaşarla görüşüm olmayıb. Onunla münasibətim var. Ancaq birdən-ikidən o məndən nə isə xahiş etməyib.

 

- Valeh Seydiovun oyununu görməmişdizsə, onu niyə məsləhət bilirdiz? Sadəcə, Portuqaliyada oynadığına görə?

- Bəli, düşündüm ki, pis oynasa, Portuqaliyanın klubuna götürməzlər ki. Yaşar Vahabzadə götürməyib, bəlkə sən götürüb yoxlayasan? Çağır, yoxla. Xoşuna gəlməsə, götürməsən. Özünü təmizə çıxarmaq üçün bu cür açıqlamalar verir. Həmin müsahibəni oxumamışam. Sən kimsən ki, sənə məsləhət də vermək olmaz?

 

- Bu barədə Samir Ələkbərovla danışacaqsız?

- Əlbəttə, danışacam. Mən kiməm ki, ona nəyisə diqtə edim? Onu məcbur etməmişəm ki, kimisə yığmaya götürsün. Mən nə AFFA prezidenti, nə də Məşqçilər Komitəsinin sədri deyiləm. Mən adi bir vətəndaş, keçmiş futbolçu kimi məsləhət bilmişəm.

 

- Siz Samir Ələkbərova təkcə Valeh Seydovu təklif etmisiz, yoxsa başqa oyunçular da var idi?

- Mən ümumiyyətlə, demişəm ki, yerli oyunçulara baxın, bizdə də var. Orda bir şey yoxdur ki. Hamımız istəyirik ki, Azərbaycan yığması yaxşı oynasın. Bu, lap dəhşətdi ki... Təəccüblənirəm belə şeylərə.

 

- Bundan sonra yəqin ki, heç kimə məsləhət verməzsiz...

- Kim ki «yanır», günahı bizim üstümüzə atmalıdır? Bundan sonra heç kimə məsləhət verən deyiləm!

 





27.11.2017    çap et  çap et