Vaxt.Az

Suriya danışıqları başlanır


 

Dəməşq boykot edə bilər

Suriya danışıqları başlanır Noyabrın 28-də Cenevrədə BMT-nin təşkilatçılığıyla Suriya danışıqlarının yeni raundu başlanıb. Bu arada Suriya hökumətinin danışıqları boykot edəcəyi ehtimalı var.

BMT-nin Suriya üzr xüsusi elçisi Stefan de Mistura noyabrın 27-də deyib ki, rəsmi Dəməşq hələlik, danışıqların səkkizinci raundunda iştirakını təsdiqləməyib.

Danışıqların məqsədi ölkədə altı ildir gedən vətəndaş müharibəsini bitirməkdir.

 

Önşərt qəbul olunmur

 

«Ötən gecə aldığımız mesaja görə, hökumət bu gün Cenevrəyə gəlmir. Təbii ki, ümid edirik, daha doğrusu, hökumətin nümayəndə heyətinin tezliklə yola çıxmasını gözləyirik», – de Mistura BMT-nin Təhlükəsizlik Şurasında deyib. O, Suriya prezidenti Bəşər Əsədin bu yaxınlarda «dialoqa hazır olmasını» dilə gətirdiyini də yada salıb.

De Misturanın sözlərinə görə, danışıqlarda yeni konstitusiya layihəsinin hazırlanması və ratifikasıyasından ötrü «inkluziv proses»ə diqqət ayrılacaq. O, həmin addımların ölkənin seçki keçirməsindən öncə gərəkli olduğunu vurğulayıb.

Xüsusi elçi danışıqlarda «heç bir tərəfin hansısa önşərtini qəbul etməyəcəyini» sözlərinə əlavə edib.

Noyabrın 27-də Cenevrəyə çatan müxalifətin nümayəndə heyətinin başçısı Nəsr Həriri deyib ki, qrupun məqsədi prezident Bəşər Əsədin vəzifədən getməsidir. Müxalifət hökuməti danışıqlara ciddi yanaşmamaqda suçlayır.

Hökumətyönlü «Al-Vatan» qəzeti daha öncə yazmışdı ki, Dəməşqdən rəsmi nümayəndə heyəti Cenevrəyə getməyi yubadacaq, çünki müxalifət Əsədin istefasını tələb edir.

Xatırladaq ki, 2011-ci ilin martında Suriyada münaqişə başlanandan 330 mindən çox adam həlak olub. Rusiya ilə İran münaqişədə Əsəd hökumətini, Birləşmiş Ştatlar və Türkiyə isə hökumətlə savaşan üsyançı qrupları dəstəkləyir. Assad noyabrın 20-də Soçiyə qəfil səfər edib və Rusiya prezidenti Vladimir Putin bir daha münaqişənin həllindən ötrü danışıqlar yoluyla siyasi həllə çağırıb. Əsəd ona Rusiyanın münaqişədəki roluna görə təşəkkürünü bildirib.

Rusiya, İran və Türkiyənin təşkilatçılığıyla Qazaxıstan paytaxtı Astanada da ayrıca Suriya danışıqları aparılır, atəşkəs, «de-eskalasiya zonaları»nın yaradılması kimi məsələlər müzakirə olunur.

 





28.11.2017    çap et  çap et