Vaxt.Az

MM-də iki mühüm məsələ


 

Millət vəkili QHT-lərlə bağlı qanundan danışıb

MM-də iki mühüm məsələ Bu gün Milli Məclisin yaz sessiyası işinə başlayıb. Millət vəkili Azay Quliyev sessiyanın ilk günündə çıxış edib.

Millət vəkili ilk olaraq yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə keçirilən görüş haqqında danışıb. Azay Quliyev bildirib ki, yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə 17 dekabr 2013-cü ildə Milli Məclisin QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara etdiyi əlavə və dəyişikliklər Parlamentin «Hüquq siyasəti və dövlət quruculuğu» komitəsinin sədri Əli Hüseynlinin, Ədliyyə nazirliyinin «Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti» idarəsinin rəisi Rahim Rəhimovun, Avropa Komissiyasının Bakı ofisinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və dəyişikliklərdən narazı qalan QHT nümayəndələrinin yaxından iştirakı ilə geniş müzakirə edilib:

«Məlumat üçün deyim ki, təşkil olunan üçtərəfli dialoq çox məhsuldar keçdi və narazılıq yaradan bütün məsələlərə aydınlıq gətirildi. Hesab edirəm ki, səmimi keçən bu görüşdən QHT-lər razı qaldılar və onların bir sıra narahatçılığına da son qoyuldu. Yekunda qərara aldıq ki, qanunun praktik tətbiqində ortaya çıxan mümkün problemləri operativ şəkildə həll etmək və müvafiq tədbirlər görmək məqsədilə Şuranın tərkibində hüquq və monitorinq komissiyası yaradılsın».

Millət vəkilinin sözlərinə görə, bu bir daha onu göstərir ki, Azərbaycan dövləti və vətəndaş cəmiyyəti institutları istənilən məsələnin həlli ilə əlaqədar bir araya gəlib anlaşma əldə etməyə və sivil qaydada dialoq aparmağa qadirdilər. «Bu baxımdan beynəlxalq təşkilatlara, xüsusilə AŞPA və Avropa Parlamentinə, ayrı-ayrı ölkələrin səfirliklərinə müraciət edərək demək istərdim ki, artıq bu məsələ ilə əlaqədar kənar müdaxilələrə ehtiyac qalmadı və qoy onlar bundan sonra bu mövzunu istismar etməsinlər.»- deyə millət vəkili fikrini çatdırıb. 
Azay Quliyev «İctimai iştirakçılıq haqqında» Qanunun tətbiq edilməsi ilə əlaqədar hörmətli Prezidentimiz cənab İlham Əliyevin imzaladığı 16 yanvar 2014-cü il tarixli fərmanı haqqında da danışıb. Qeyd olunub ki, bu fərmanda çox mühüm məqamlar, o cümlədən qanunların və Prezident aktlarının «İctimai iştirakçılıq haqqında» Qanuna uyğunlaşdırılması, İctimai İştirakçılıq haqqında Qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən yeni qanun layihəsinin hazırlanması, Qanunun əsas mahiyyətini təşkil edən 1.0.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini prezident İlham Əliyevin həyata keçirməsi kimi olduqca əhəmiyyətli müddəalar öz əksini tapıb.

«Hesab edirəm ki, Cənab Prezidentin imzaladığı bu fərman Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda yaxından iştirakını təmin edən çox mühüm bir sənəddir. Şübhəsiz ki, bu cür sənədlər dövlət başçısının siyasi iradəsi və vətəndaşlarına olan yüksək etimadı və inamı hesabına mümkün olur»- deyən millət vəkili çıxışını «Fürsətdən istifadə edib, ölkəmizin ictimai sektoru adından belə bir demokratik qanunu imzaladığına və onun uğurlu icrasına zəmanət verdiyinə görə Cənab Prezidentə dərin təşəkkürümü bildirirəm» - sözləri ilə yekunlaşdırıb.

 





03.02.2014    çap et  çap et