Görüntü üç il, beş il bundan əvvəlki mənzərədən çox fərqlidir. Fərq təkcə ölkələrin statusunda deyil, həm də ABŞ və Rusiyanın Cənubi Qafqaz regionunda təsir imkanlarının qeyri-bərabər bölünməsindədir. Qərbin Gürcüstanda, Rusiyanın Ermənistanda mövqeləri güclüdür, Azərbaycan hər iki güc mərkəzindən eyni məsafədə, nisbətən şimala doğru uzaqdır. Bu qeyri-bərabərlik bölgədə müəyyən boşluğun yaranmasına səbəb olur, qlobal güclərin bölgədə zəifləməsindən istifadə edən regional qüvvələr bu boşluğu doldurmağa çalışırlar.
Regional güclər üçün Cənubi Qafqazda möhkəmlənməyin bir yolu var - Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etmək. Prosesə hansısa formada qoşulmaqla həm münaqişə tərəfləri olan Azərbaycan və Ermənistanla münasibətlər qurulur, həm regional layihələrdə Azərbaycanın ciddi tərəfdaşı, Ermənistanın isə dünyaya açılan pəncərəsi olan Gürcüstanla əməkdaşlıq imkanları əldə edilir.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı beynəlxalq səylərin son vaxtlar artmasının səbəbi də budur: Bakı-Tiflis-Qars dəmiryolunun fəaliyyətə başlaması, regional enerji layihələrinin icrası Azərbaycanın xüsusi çəkisini dəfələrlə artırıb. Yaranan imkanlardan istifadə etmək Azərbaycanla əlaqələri möhkəmləndirməyi tələb edir, bunun üçün isə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyi dəstəklənməlidir. Açıq dəstək balansı poza biləcəyindən region dövlətləri tərəzinin digər gözündə olan Ermənistanla da aranı açmamağa çalışırlar.
Son zamanlar xüsusilə İran və Türkiyə arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin aktiv iştirakçısı olmaq üçün sanki bir yarış gedir. Türkiyə prezidentinin işğal altında olan rayonlardan beşinin Azərbaycana qaytarılması məsələsini gündəmə gətirməsi, Rusiya prezidenti ilə bu məsələnin ard-arda iki dəfə müzakirə etməsi, İran xarici işlər nazirinin İrəvan və Bakıya səfərləri buna misaldır. Hər iki tərəf bu mövqeləri ilə nizamlanma prosesində vasitəçi ola biləcəklərini nəzərə çarpdırmaq istəyirlər. Bu kontekstdə hər iki ölkənin öz üstünlükləri var. İran münaqişənin hər iki tərəfi - həm Bakı, həm İrəvanla münasibətlər qurmaq imkanına sahibdir. Türkiyənin belə bir imkanı olmasa da, başqa üstünlüyü var. Azərbaycan İranla müqayisədə Türkiyənin səylərini daha səmimi hesab edir.