Vaxt.Az

Gizli Qüds planı


 

ABŞ-la ərəb dünyasının sövdələşməsinin hədəfi İrandır

Gizli Qüds planı ABŞ Qüds şəhərini İsrailin paytaxtı kimi tanımaqla dünyanı iki yerə - İsraili aşkar və ya gizli dəstəkləyənlərə və Trampın qərarına qarşı çıxanlara böldü. Qərarın ilk şok təsiri aradan qalxdıqdan sonra hər kəsi bu sual düşündürməyə başladı - Tramp nə üçün indiyədək heç bir ABŞ prezidentinin risk etmədiyi qərar qəbul edib? Qərarı Trampın melanxolik xarakterinə yazmaq düşünmək ən asan yoldur, «Trampdır da, ağlına gələni edir, sonra da geri addım atır» demək əslində özünü düşünmək məcburiyyətindən azad etməkdir. Doğrudanmı, Donald Tramp bu qərarı nəticələri düşünmədən qəbul edib, doğrudanmı Qüdsün İsrail paytaxtı kimi tanınmasının islam aləminə müharibə elan etmək olduğunu, bu qərarla dünyanı xaosa sürükləyəcəyini bilmir? Bilir, həm də bu qərarın nə islam aləminə müharibə elanı olduğunu, nə də dünyanı xaosa sürükləməyəcəyini yaxşı bilir. Çünki bu, yeni məsələ deyil, hələ may ayında Səudiyyə paytaxtında keçirilən ABŞ-Ərəb dünyası sammitində geniş müzakirə olunub.

Sammitdən sonra amerikalılar və ərəb liderlərin Fələstin probleminin həllinə dair yeni planı müzakirə etdiyinə dair çoxsaylı xəbərlərə rast gəlmək olar. ABŞ, İsrail, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri tərəfindən razılaşdırıldığı iddia olunan yeni planın mahiyyəti belədir - Misir Sina yarımadasının bir hissəsini Fələstin dövlətinə verir, xarici ölkələrdəki fələstinli qaçqınlar bu əraziyə köçürülür, Qəzza sektoru və Sina yarımadasındakı ərazilərdə Fələstin dövləti yaradılır, İordan çayının qərb sahili İsraildə qalır, Fələstin tərəfi bu torpaqlara iddialarından əl çəkirlər, Qüds yaxınlığındakı Abu-Dis qəsəbəsi Fələstinin paytaxtı olur. Bu plan Səudiyyə vəliəhdi Məhəmməd bin Salman tərəfindən ötən ay Ər-Riyadda səfərdə olan Mahmud Abbasa da təqdim olunub.

Belə bir planın mövcudluğunu, planın həmmüəlliflərinin Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri olduğunu nəzərə alsaq, o zaman Trampın Qüdsü İsrail paytaxtı kimi tanıması niyə təəccüb doğurmalıdır? Bu tanıma ərəb dövlətləri ilə əldə olunan, indiyədək gizli saxlanan planı gerçəkləşdirmək üçün atılan addım deyilmi? Trampın açıqladığı qərarla Livanın baş naziri Haririnin Səudiyyəyə səfəri, orada iki həftə girov saxlanması, Ər-Riyadda istefa qərarını açıqlaması, sonra Birləşmiş ərəb Əmirliklərinə getməsi, oradan Livana qayıdaraq istefa qərarından imtina etməsi arasında da əlaqə var. Trampın qərarı ilə Misir və Səudiyyə rəhbərliyinin fələstinli qaçqınların Sina yarımadasına köçürülməsi barədə razılıq əldə etməsi xəbərlərinin tirajlanması arasında da əlaqə var. Yəni, açıqlanan qərar ərəb ölkələri, ərəb liderlər üçün yeni deyil, onların da iştirakı ilə planlaşdırılan münaqişənin həll yolunun bir hissəsidir. Bu mənada Qüdsün İsrail paytaxtı kimi tanınması ABŞ və İsrailin islam dünyasına, ərəb dünyasına müharibə elanı deyil, həm də ərəb dünyasının Qüdslə bağlı fərqli mövqedə olan Türkiyə, İran və Qətərə müharibə elan etməsidir. Bu həm də ABŞ-ın Yaxın Şərqdə gizli-açıq müttəfiqlərinin Suriya və İraqda Ankara və Tehranla birgə hərəkət edən Rusiyaya qarşı yumşaq güc nümayişidir. Bu səbəbdən Türkiyə və İranın addımları daha konkret xarakter daşıyır. Türkiyə İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin rəhbərlərini təcili bir yerə toplayır, Xameneyi müsəlmanları cihada çağırır, Ərdoğanın atdığı addımlarla bağlı Putini məlumatlandırır.

Fakt faktlığında qalır, ABŞ və ərəb müttəfiqləri Suriyada uduzduqları müharibənin revanşını almaq istəyəcəklər. Səudiyyə bu niyyətinin bir müddətdir gizlətmir, ötən ay İrana ünvanlanan hədələr ölkələrin müharibənin bir addımlığına gətirib çıxarmışdı. O zaman hər kəs anlayırdı ki, Səudiyyə-İran müharibəsi klassik müharibə olmayacaq, yəni İran Səudiyyənin, Səudiyyə isə İranın ərazisində müharibə aparmayacaq. Hələ o zaman bilinirdi ki, Səudiyyə ilə müharibə İranın mövqelərinin güclü olduğu ərazilərdə, məsələn Yəmən, Bəhreyn, Livan, Fələstində başlaya bilər. Trampın qərarı göstərdi ki, məkan olaraq İranın ən həssas olduğu yer - Fələstin və ən həssas olduğu məsələ - Qüdsün statusu seçilib. Bölgədə prosesləri sonrakı inkişafı isə İranın münaqişəyə cəlb olunma səviyyəsindən asılı olacaq.

 





11.12.2017    çap et  çap et