Vaxt.Az

«British Airways»ın simicliyi


 

İstənilən halda sərnişinlərə cavabdeh aviaşirkətdir

«British Airways»ın simicliyi Yadımdadır, bir 10 il olar keçib üstündən, hansısa ölkədən çəkilişdən qayıdırdım. Yolum Vyanadan keçəsi oldu. Təyyarəmiz endi Vyanada. Enən kimi tez qaçdım ki, vaxt azdır, Bakiya gedən reysimə gecikməyim.

Tərslikdən, şiddətli qar yağırdı və elan etdilər ki, səhərə qədər uçuş olmayacaq.

Mənim də Şengen vizamın vaxtı qurtarıb. Nə edim, nə edim? Yaxınlaşdım Avstriya Hava Yollarının nümayəndəliyinə ki, bəs mən necə edim? Dedim, qaydalara əsasən siz məni yerbəyer etməlisiniz, isti yemək verməlisiniz və s.

Xanım mənə çox kobud cavab verdi, mən də cılovlanan adam, düşdü qırğın. O dedi, mən dedim. Ətrafdakı insanlar mənə dəstək verdi. Tez müdiri gəlib xanımı əvəz elədi ki, indi çalışarıq bir şey fikirləşək.

Uzun sözün qısası, 3-4 saat ayaq üstə qaldıq, nə su verən oldu, nə yemək verən, axırda böyük əsəbdən sonra bir günlük viza verdilər və mən gedib yaxınlıqda olan hoteldə gecələdim. Sözümü nəyə gətirirəm.

İndi oxuyuram, «British Airways»ın təyyarəsi nasazlıqdan Bakıda məcburi eniş edib. Sərnişinlər də narazılıq ediblər ki, bəs Bakı hava limanı onlara pis baxıb.

Deyim, siz də bilin. Hər bir halda sərnişinlərə cavabdeh aviaşirkətdir. Əgər şirkət hava limanına sifarış versə, tranzitdə qalan sərnişinlərə hindtoyuğu kababına qədər gətirib verərlər. Yox, əgər şirkət qənaət etmək istəyirsə, bu artıq hava limanının təqsiri deyil.

Bildiyimə görə, bizimkilər hətta Xarici İşlər Nazirliyi ilə də danışmışdılar ki, təcili viza verək, gedib hoteldə gecələsinlər. Sifariş verin, isti yeməklər gətirək və s… Lakin «British Airways» təklifdən imtina edib.

Pilotlar gedib hoteldə yeyib-içib, yatıblar. Sərnişinlərə isə yalnız su və buterbrod filan istəyiblər.

Ona görə indi bunların gedib xaricdə bizi pisləməsi obyektivlikdən çox kənar bir addımdır, boş yerdən antipiardır. Sizin aviaşirkət simiclik edib, öhdəliklərinə laqeyd yanaşıb, iradlarınızı onlara bildirin.

Özümüzün ətini yesəm də, sümüyünü tullamaram. Bu halda narazılıq edənlər tam haqsızdırlar...

 





15.12.2017    çap et  çap et