Vaxt.Az

Kabus kimi keçən ilk il


 

Tramp Obamanın atasına rəhmət dedirtdirir

Kabus kimi keçən ilk il Tramp Ukraynaya letal silahların verilməsini təsdiqləyib.

İndiyədək ABŞ-ın Ukraynaya silah yardımı düşmən artilleriyasının koordinatlarını müəyyən edən radarların, radioelektron maneələrə qarşı davamlı olan rabitə sistemlərinin, pilotsuz uçuş aparatlarının, «Humvee» hərbi avtomobillərinin - yəni qeyri-letal (öldürücü olmayan) vasitələrin verilməsi ilə məhdudlaşırdı.

Yeni ildən isə tank əleyhinə raket kompleksləri («Javelin»), hava hücumundan müdafiə sistemləri, dənizdə mina əleyhinə vasitələr, dəniz müşahidə qurğuları, sahil mühafizə gəmiləri verilməsinə başlanacaq. Bu yardımlar düşmənin tank həmlələrindən, havadan və dənizdən gözlənilən hücumlarından Ukraynanın müdafiəsini gücləndirməyə yönəlib. Bundan başqa, amerikalı, britaniyalı və kanadalı zabitlər tərəfindən Ukrayna əsgərlərinə təlim keçilməsi davam edir.

ABŞ-dan əlavə, Kanada hökuməti də Ukraynaya silah satılmasına icazə verib.

Obama dövründə ABŞ-ın (və Avropanın) bu məsələdə mövqeyi belə idi ki, Ukraynanın silahlandırılması Rusiyanı daha da aqressivləşdirə, nəticədə münaqişənin həllini çətinləşdirə bilər. Bu baxış özünü doğrultmadı. ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında bildirilir ki, son 2 onillikdə Rusiyanı (eləcə də Çini) beynəlxalq institutlara və qlobal ticarətə cəlb etməklə onların etibarlı tərəfdaşa çevrilə biləcəyi düşüncəsi ilə aparılan siyasət nəticə verməyib. İndi əks istiqamətdə siyasət aparılacaq.

Putin 1 il əvvəl Obamanın gedişini və Trampın gəlişini səbirsizliklə gözləyirdi. Amma Trampın idarəçiliyinin yekunlaşmaq üzrə olan ilk ili Rusiya üçün kabus kimi keçdi.

 





24.12.2017    çap et  çap et