Yanan villanı alan türk iş adamı kimdir?
«Yeni
Müsavat»a verilən məlumata görə, Rauf Həbibovun yanan villasını alan şəxsin
kimliyi də məlumdur. Bu, əslən Türkiyənin Trabzon şəhərindən olan Ahmet
Çetinkaya adlı biznesmendir. A.Çetinkaya mərkəzi Ankarada yerləşən «Yunus» adlı
nəqliyyat şirkətinin sahibidir. Sözügedən şirkətin Bakıda Dərnəgül şossesində
ofisi və «TIR» qarajı var. Türkiyə, Gürcüstan və Azərbaycanda fəaliyyət
göstərən sözügedən şirkət ölkəmizə Türkiyədən tekstil məhsulları gətirir. Ahmet
Çetinkaya keçmiş icra başçısı Rauf Həbibova yaxınlığı ilə tanınır. Rauf
Həbibovla Ahmet Çetinkaya Qələduz kəndində Qudyalçayın yaxınlığında bağ qonşusu
olublar. Onlar arasındakı dostluq münasibəti də elə o vaxtdan yaranıb.
Bu
barədə məlumatı verən mənbə Rauf Həbibova məxsus villanın satış qiymətini də
öyrənə bilib: «İlkin qiymət 1.5 milyon dollar olub. Qiymətin baha olmasının
səbəbi isə həyətin çox böyük olması və yarımçıq bir tikilinin olması
göstərilib. Villanın yanması və ciddi təmirə ehtiyacı olduğu üçün qiymət 800
min manata qədər endirilib. Malikanənin yenidən təmir olunacağı gözlənilir».
Rauf
Həbibovun Qubadakı digər mülklərinin taleyi necə olacaq?
Rauf
Həbibov işdən çıxarılandan sonra qəzetlər yazdı ki, sabiq icra başçısının
Qubada mülkləri əl dəyişib. Amma bu məlumat bir müddət sonra təsdiqlənmədi. Rauf
Həbibovun zamanında icra hakimiyyətində işləyən şəxs bizə bu barədə geniş
məlumat verdi. Adının hallanmasını istəməyən icra hakimiyyətinin sabiq işçisi
qeyd etdi ki, Rauf Həbibov qəzetlərin onun təkcə Qubada olan varidatını
araşdıraraq ortaya çıxarmasından olduqca narahat olub: «Mülklərinin əlindən
çıxacağını görən sabiq icra başçısı Qubada olan bütün əmlakını satışa çıxarıb. Rauf
Həbibov bu işi Kamandar adlı bir şəxsə tapşırıb. Kamandar adlı şəxs
nəqliyyat naziri Ziya Məmmədova yaxınlığı ilə tanınır».
Rauf
Həbibovun Qubada icra başçısı işlədiyi dövrdə əldə etdiyi mülklər və
torpaqların siyahısı bir neçə dəfə «Yeni Müsavat»da dərc olunub.
Xatırladaq
ki, martın 1-də Qubada icra başçısı R.Həbibovun istefası tələbi ilə etiraz
aksiyası keçirilib. Aksiya əvvəlcə dinc xarakterli olsa da, sonra zorakılıqlar
baş verib. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Həbibovun iki
villası yandırılıb. Bundan sonra Daxili Qoşunlar və polis qüvvələri ilə yerli
əhali arasında qarşıdurma olub. Əhali yalnız R.Həbibov vəzifəsindən
uzaqlaşdırıldıqdan sonra sakitləşib.
Aksiyaçılar R.Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara təhqir kimi qəbul etdiklərini bildiriblər.