Vaxt.Az

Xameneyinin varisi xaricə getdi


 

Ayətulla Mahmud Haşimi-Şahrudinin xəstəliyi və hansı ölkədə müalicə olunduğu açıqlanmır

Xameneyinin varisi xaricə getdi İran İslam Respublikasının nüfuzlu Məqsədəuyğunluq Şurasının sədri ayətulla Mahmud Haşimi-Şahrudi «tibbi müalicə kursunu tamamlamaq»dan ötrü xaricə gedib. Bu xəbəri ictimaiyyətə onun oğlu verib.

«Atam tibbi müalicəsini davam etdirməyə xaricə gedib və tezliklə geri dönəcək», – deyə «Rasa» adlı yerli xəbər saytına müsahibə verən Ala Haşimi-Şahrudi bildirib.

O qeyd edib ki, 69 yaşlı Haşimi-Şahrudi tamamilə sağlamdır. Ancaq M.H.Şahrudinin oğlu atasının xəstəliyinin nədən ibarət olduğunu və onun müalicə üçün hansı ölkəyə getdiyini açıqlamayıb.

Haşimi-Şahrudi bu ilin mayında xəstəxanaya yerləşdirilmişdi. Burada İslam Respublikasının Ali dini lideri ayətulla Əli Xameneyi onu ziyarət etmişdi.

Haşimi-Şahrudinin xərçəngin adı çəkilməyən növündən əziyyət çəkdiyi deyilir. Ancaq o zaman onun şəxsi həkimi Məhəmməd Sadiq Fazeli bildirmişdi ki, «ayətulla Haşimi-Şahrudi nisbi endemik mədə-bağırsaq pozğunluğundan əziyyət çəkdiyindən əməliyyat olunub».

Bu il noyabrın əvvəlində «Reuters» ayətulla Haşimi-Şahrudinin yetərincə böyük təhlükəsizlik qrupunun və İslam İnqilab Keşikçiləri Korpusunun keçmiş baş komandanının müşayiəti ilə İraqın cənubunda yerləşən müqəddəs Nəcəf şəhərinə uçması xəbərini vermişdi.

«Reuters»in xəbərində deyilirdi ki, o, Məkkə və Mədinədən sonra şiələrin üçüncü ən müqəddəs yeri olan İmam Əlinin qızıl günbəzli məqbərəsi yaxınlığında din rəsmiləri və mədrəsə tələbələri ilə bir neçə gün davam edən görüş keçirib. Xəbərdə həmçinin deyilir ki, indiki və sabiq İraq rəsmilərinin fikrincə, Haşimi-Şahrudi bu addımı özünün nüfuzlu şiə lideri kimi çəkisini artırmaq və İraqın ən güclü siması olan 87 yaşlı ayətulla Əli Sistanini əvəzləyə biləcək şəxs olduğunu göstərmək üçün atıb.

«Reuters»ə görə, Haşimi-Şahrudi Sistaninin yerini tuta bilməkdən ötrü çox ziddiyyətli simadır. Nəcəfin dini liderləri İranın burada öz nüfuzunu gücləndirməyə çalışmasından narahatdırlar. Bu baxımdan Şahrudiyə müəyyən şübhəylə yanaşılır. Hərçənd, o, mədrəsə tələbələri arasında dəstək yığa bilər.

Artıq xeyli müddətdir ki, Sistani İran siyasətindən uzaqlaşıb. Bu səbəbdən onun bəzi davamçıları Tehrana yaxın adamın varis olmasını istəməyə bilər. «Reuters»in xəbərində belə deyilir.

1999-cu ildən 2009-cu ilədək 10 il ölkənin ədliyyə sisteminə rəhbərlik etmiş M.H.Şahrudi İraqın Nəcəf şəhərində doğulub və islam inqilabından sonra İrana köçüb. O, hazırda İranın Məqsədəuyğunluq Şurasına (bu qurum İnqilab Mühafizlər Şurası ilə parlament arasında baş verən mübahisələrin həllinə cavabdehdir) rəhbərlik edir. O, eyni zamanda, Mütəxəssislər Məclisinin spiker müavinidir. Bu qurum İslam Respublikasının ali dini liderinin fəaliyyətinə nəzarət edir və lazım gələrsə, onun varisini təyin edir.

Bununla yanaşı, Haşimi-Şahrudinin adı 78 yaşlı Xameneyini əvəzləyə biləcək mümkün namizədlərdən biri kimi göstərilir. Onun Xameneinin varisi olması haqda şayiələr ali dini liderin səhhətinin zəifliyi və onun 2014-cü ildə prostat vəzidən əməliyyat olunması ilə bağlıdır.

Ancaq bəzi təhlilçilər İraqda doğulmuş Haşimi-Şahrudinin daha yüksək vəzifəyə can atdığını deyirlər. Onların fikrincə, Haşimi-Şahrudi bütün dünya şiələrinin lideri olmaq, İranda doğulmuş, hazırda İraqın Nəcəf şəhərində fəaliyyət göstərən 87 yaşlı ayətulla Əli Sistanini əvəzləmək istəyir.

 





27.12.2017    çap et  çap et