Vaxt.Az

Rusları öz silahları ilə vurublar


 

«Hmeymin» aviabazasını minaatanlarla atəşə tutan terrorçular «Vasilyek»u necə əldə edib?

Rusları öz silahları ilə vurublar Rusiyanın Suriyadakı «Hmeymin» aviabazasının dekabrın 31-də hansı silahdan atəşə tutulduğu məlum olub. virtualaz.org xəbər verir ki, hərbi sənaye üzrə ixtisaslaşan «Vestnik Mordoviya» portalı aviabazanın elə Rusiya istehsalı olan «Vasilyek» avtomatik minaatanı ilə atəşə tutulduğunu müəyyən edib.

Xəbər verildiyi kimi hərbi bazanın atəşə tutulması və 7 təyyarənin sıradan çıxarıldığı barədə «Kommersant» yazıb. Rusiya Müdafiə Nazirliyi xeyli sükutdan sonra bazaya hücumu təsdiqləyib, 2 hərbçinin öldüyünü bildirib, ancaq təyyarələrin sıradan çıxarılması barədə xəbəri «feyk» adlandırıb. Lakin elə həmin gün rusiyalı hərbi jurnalist Roman Saponkov sosial şəbəkədə «Hmeymin» bazasında vurulmuş təyyarələrin fotolarını dərc edib. Jurnalist bildirib ki, minomyot zərbələri nəticəsində 6 Su-24 bombardmançısı, 1 Su-35 qırıcısı, bir hərbi-nəqliyyat və bir kəşfiyyat təyyarəsi, bir ədəd Mi-24 vertolyotu zərər görüb. Təyyarələrdən üçü az zədələndiyindən onları döyüş növbəsinə qaytarmaq mümkün olub. Hücum zamanı 10 hərbçi yaralanıb, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Rusiya mənbələri hərbi bazaya hücumun Amerikanın dəstəklədiyi qruplaşmalardan biri tərəfindən NATO silahı ilə endirildiyini təbliğ edirdi. Lakin «Vestnik Mordoviya» saytı yazır ki, yaraqlılar bazanı Rusiya istehsalı olan 82 millimetrlik «Vasilyek» avtomatik minomyotundan atəşə tutublar. Bu silahın üstünlüklərindən biri də onun nisbətən yüngül (630 kq.) olmasıdır. Nəticədə onu avtofurqonda da yerləşdirmək və yüksək mobilliyini təmin etmək mümkündür. Minomyot bir dəqiqədə 120 mərmi ata bilir, mərmilər silaha kaset şəklində yerləşdirilir, minomyot həm tək-tək, həm avtomatik atəş açır. Atəş məsafəsi 4300 metrə yaxındır.

Bildirilir ki, Rusiya ordusunda 82 millimetrlik minaları tutmaq üçün vasitələr praktiki olaraq yoxdur. NATO ölkələrində isə belə sistemlər var. Məsələn, Amerika ordusu Bağdadda öz obyektlərini minomyot zərbələrindən xüsusi lazer və artilleriya sistemləri ilə qoruya bilib.

Bəs «Vasilyek» minomyotu Suriyada yaraqlıların əlinə necə keçib? Portal bildirir ki, Suriya ordusunda belə silah olmayıb və nəticədə onun döyüşlər zamanı yaraqlılar tərəfindən qənimət kimi ələ keçirilməsi mümkün deyildi. Bu səbəbdən ehtimal edilir ki, minomyotu Türkiyə yaraqlılara ötürüb. Lakin Türkiyə ordusunun silahlanmasında da bu cür silah yoxdur və nəticədə qaranlıq qalır ki, sayt hansı əsasla silahın Türkiyə tərəfindən ötürüldüyünü ehtimal edir.

İnternet mənbələrində «Vasilyek» minomyotunun Donbassdakı hərbi əməliyyatlar zamanı həm rusiyameylli separatçılar, həm Ukrayna ordusu tərəfindən tətbiq edildiyinə dair çoxsaylı məlumatlar yer alır. Ola bilsin ki, Rusiya bu silahı son vaxtlar Suriya rejiminə verib və minomyot oradan yaraqlıların əlinə keçib.

 





05.01.2018    çap et  çap et