Vaxt.Az

Eskudero qasırğayla əlləşir


 

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri: «Bizə ən çox zərəri «Metyu» vurdu»

Eskudero qasırğayla əlləşir ABŞ-ın Bakıdakı keçmiş səfiri, diplomatik missiyası başa çatandan sonra Azərbaycanda qalıb şəxsi bizneslə məşğul olan və hətta YAP-a üzv yazılan məşhur Stenli Eskuderodan xəbər var. Keçmiş diplomatın Bakını tərk etdiyi və vətəni Floridadakı evində məskunlaşdığı məlum olub. O da məlum olub ki, ötən ilin payızında dağıdıcı «İrma» qasırğası Floridada Eskuderonun da evinə zərər vurub.

Florodanın Daytona Beach Shores şəhərində nəşr olunan «Daytona Beach News-Journal» qəzeti Eskuderonun bu ştatın sahil zolağında neft hasilatının genişləndirilməsinə dair Tramp administrasiyasının qəbul etdiyi qərarla bağlı şərhinə yer verir. Tramp administrasiyası ötən gün elan edib ki, ölkənin sahilyanı şelfinin 90 faizdən çoxu qazma və kəşfiyyat işləri üçün açıq elan edilir.

Planı elan edən daxili işlər naziri Rayan Zinke bildirib ki, ABŞ-ın sahilboyu şelfinin qazma və kəşfiyyat işləri üçün açılması Birləşmiş Ştatların dəniz ərazilərində energetika resurslarının istismarını genişləndirəcək, iş yerlərini artıracaq və sahilboyu ərazilərin rifahı üçün milyardlarla dollarlıq maliyyələşməni təmin edəcək. Plana əsasən Şimal Buzlu okeanından başlamış Atlantik okeanına qədər ABŞ-ın sahilboyu şelfi sahildən 3 mil məsafədə qazma və kəşfiyyat işlərinə açıqdır.

Lakin Florida qubernatoru, respublikaçı Rik Skott bu plana qarşıdır və hesab edir ki, sahilboyu şelfin qazma, kəşfiyyat işləri üçün açıq elan edilməsi ətraf mühitə zərər vuracaq. «Mən problemi müzakirə etmək üçün daxili işlər naziri Zinke ilə təcili görüş istəmişəm», - qubernator bildirib.

Yerli sakinlər isə plana birmənalı münasibət bəsləmir. Daytona Beach Shores şəhərindən respublikaçı, keçmiş səfir Stenli Eskudero sahilboyu şelfdə qazma işlərinin başlamasında maraqlıdır. Lakin o deyib ki, qəti mövqeyini bildirmək üçün hələlik detallı məlumatlara malik deyil.

«Siz nə qədər bərpa olunan enerji mənbələri, məsələn, günəş enerjisi barədə danışsanız da neft və qaz hələ uzun müddət energetika bazasında əsas hərəkətverici qüvvə olaraq qalacaq. Mən heç vaxt prinsipial şəkildə bu plana qarşı olmamışam, çünki buna qəti əminəm ki, Birləşmiş Ştatlar mütləq müstəqilliyə can atmalıdır»-əvvəllər ABŞ-ın Tacikistan, Özbəkistan və Azərbaycandakı səfiri işləmiş Eskudero deyib.

Eskudero əlavə edib ki, ümumiyyətlə o sahilboyu şelfdə neft-qaz hasilatının tərəfdarıdır, ancaq bunu elə etmək lazımdır ki, ətraf mühitə heç bir zərər dəyməsin, yaxud minimal zərər dəysin. Keçmiş səfirin fikrincə indiki texnologiyalar sayəsində dəniz şelfində qazmanı ekoloji təmiz və təhlükəsiz üsullarla aparmaq olar.

Floridada nəşr edilən «Port Orange Observer» adlı digər qəzet isə Stenli Eskuderonun ötən ilin sentyabrında tüğyan edən «İrma» qasırğası zamanı başına gələnlərdən bəhs edir.

Qəzet yazır ki, Eskuderonun evi onun üçün qiymətli olan əşyalarla doludur və qasırğa zamanı o, evini əşyalarla birlikdə itirəcəyindən çox qorxub. 33 il diplomatik xidmətdə işləmiş Eskudero hazırda doğma şəhərində,  evində yaşayır. Qasırğa onun doğma şəhəri Daytona «Beach Shore»i də vurub.

Ov həvəskarı olan Eskuderonun evinin qonaq otağını onun Afrikada ov edərkən vurduğu şirin dərisi bəzəyir. İş otağında isə çoxlu ov bıçaqları, habelə Vaşinqtonda diplomat kimi işlədiyi vaxtlara dair fotolar, sənədlər var.

75 yaşlı Eskudero deyir ki, diplomat kimi işlədiyi 33 il ərzində çoxsaylı ölkələri gəzib, İranda başqa ad altında yaşayıb (yəqin ki, kəşfiyyatçı kimi-red.) və Afrikada şirlərlə mübarizə aparıb. İndi isə Daytona şəhərində, doğma evində yaşayır. Ancaq «Metyu» və «İrma» qasırğaları son iki ildə Eskuderonun da evinə ciddi ziyan vurub.

«Bu, çox qorxunc idi. 75 yaşım var və mən bunu etiraf etmək istəməzdim. Amma qərara aldıq ki, evakuasiya olunaq. Arvadımla birlikdə oğlanlarımdan birinin yaşadığı Orlandoya yollandıq. Proqnoza görə qasırğa irəliləyib ştatın mərkəzinə çatdıqca zəifləməli idi, lakin yenidən şiddətləndi», - keçmiş səfir danışır.

Eskudero deyir ki, Floridada çox qasırğalar görüb, xüsusən də 1960-cı ildəki «Donna» qasırğası heç yadından çıxmaz. Lakin «İrma» və ondan əvvəlki «Metyu» qasırğaları qədər dağıdıcı qasırğa xatırlamır.

«Bizim evimizə ən çox zərəri 2016-cı ildə «Metyu» qasırğası vurdu. Həyətdəki kərpicləri havaya sovurdu, çardağı tamamilə dağıtdı, ağacları qırdı. İndi mən salamat qalan qalan ağacları da kəsməyə hazırlaşıram», - Eskudero «İrma» qasırğasının ardınca jurnalistə danışır. Deyir ki, «İrma» qasırğası barədə xəbərdarlığı eşidəndə evini və ona əziz olan əşyaları bütünlüklə itirəcəyindən qorxurdu.

Eskuderonun evinin damı «Metyu» qasırğasında dağılıb. Dam daha güclü qasırğaya davam gətirə biləcək şəkildə yenidən tikilib. Lakin «İrma» qasırğasının yaxınlaşdığını eşidəndə Eskudero evin bütünlüklə dağıla biləcəyindən qorxub. Çünki qasırğa sürəti saatda 160 mil olan küləklə müşayiət olunurdu.

«Biz düşündük ki, küləyin sürəti saatda 150 mil olsa evimiz davam gətirməyəcək», - Eskudero deyir. Lakin keçmiş səfirin evi zərər görsə də salamat qalıb. İndi o, yeni qasırğalar üçün ehtiyat tədbirləri görür.

Xatırladaq ki, Stenli Eskudero 1997-2000-ci illərdə ABŞ-ın Bakıdakı səfiri olub. Diplomatik missiyası başa çatdıqdan sonra o, istefaya göndərilib və Bakıda qalmağa üstünlük verib. Eskudero burada özünə biznes qurub, hətta bir vaxtlar YAP-a üzv olduğunu da açıqlamışdı.

2008-ci ildə Bakının Nardaran qəsəbəsinin bir qrup sakini Eskuderonu onlara məxsus olan 30 hektar torpaq sahəsini ələ keçirməkdə ittiham edirdi. Eskudero isə bildirmişdi ki, o, torpağın qanuni sahibidir və mübahisəyə məhkəmə baxır.

Habelə Eskudero Bakıdakı «McDonalds» restoranlar şəbəkəsinin sahibi kimi də tanınırdı. Keçmiş səfir Nardaranda özünə dəbdəbəli villa da tikdirmişdi. O, bir müddət ABŞ-Azərbaycan Ticarət Palatasına rəhbərlik edib. Eskuderonun Bakını nə vaxt tərk etdiyi məlum deyil. (virtualaz.org)

 





05.01.2018    çap et  çap et