Vaxt.Az

«AXA» Azərbaycandan niyə gedir?


 

Fransa şirkətinin səhmlərini alan biznesmen kimdir?

«AXA» Azərbaycandan niyə gedir? Azərbaycan sığorta bazarında bir neçə sığorta şirkətinin yaradılmasında və idarə edilməsində iştirak etmiş iş adamı Elxan Qəribli Fransanın «AXA» Sığorta Qrupunun Azərbaycandakı törəməsi «AXA MBASK» Sığorta Şirkəti ASC-nin 100 faiz səhmlərini əldə edəcək. Tərəflər arasında ilkin razılaşma artıq imzalanıb.

Əməliyyatın tamamlanması isə müvafiq orqanların razılığı alındıqdan sonra həyata keçiriləcək.

Xatırladaq ki, E.Qəribli 1992-ci ildən etibarən eyni şirkətin qurucusu və ilk rəhbəri olaraq sığorta fəaliyyətinə başlayıb. O, Azərbaycanda sığorta bazarının inkişafına uyğun biznes mühitinin olduğunu, iqtisadi qanunvericilikdə həyata keçirilən islahatlar sayəsində yerli investorlar üçün daha əlverişli şəraitin yarandığına inandığını deyib və bu səbəbdən «AXA MBASK»a investisiya qoymaq qərarına gəldiyini açıqlayıb.

Alqı-satqının sonunda şirkət «AXA» brendi altında deyil, çox güman ki, «Mbask» brendi ilə fəaliyyət göstərəcək. Alqı-satqı və şirkətin rəhbər menecmentinin dəyişməsi prosesinin təqribən 3-4 ay çəkəcəyi bildirilir.

Məsələnin ən maraqlı tərəfi «AXA Mbask»ın ölkənin sığorta bazarını tərk etməsinin səbəbləridir. Məsələ bundadır ki, bir qədər əvvəl «AXA Mbask» kapitalını artırmışdı və ölkədən getmək barədə düşünmürdü.

Şirkət rəhbərliyi səhmləri satmaq (yəni sadə desək, Azərbaycan bazarını tərk etmək) barədə qərarı AXA-nın Fransadan gələn nümayəndələrinin Bakıda keçirdiyi görüşlərdən sonra verib. Bu görüşlərdə şirkətin fəaliyyəti, gələcək planları və iş prinsipləri müzakirə obyekti olub. Amma qarşı tərəfin mövqeyi şirkəti qane etmədiyinə görə, AXA bazarı tərk etmək qərarına gəlib.

Qeyd edək ki, «AXA Mbask»ın tənzimləyici qurumlarla münasibətləri o qədər də yaxşı deyildi. Bir neçə ay bundan əvvəl - 27.09.2017-31.10.2017 aralığında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) şirkətdə yoxlama aparıb. Həmin vaxt Palatanın yaydığı məlumatda bildirilirdi ki, aparılmış yoxlama nəticəsində nöqsanlar aşkar edilib və onların aradan qaldırılması məqsədilə «Sığorta fəaliyyəti haqqında» Qanununun 102-ci maddəsinə əsasən Cəmiyyətə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş-Təqdimat verilib. Bir neçə ay əvvəl isə Vergilər Nazirliyi «AXA Mbask»ın hesablarına həbs qoymuşdu.

Şirkətə qarşı əsas iradlar sığorta agentləri ilə iş prinsipi – daha dəqiqi onlara ödənilən komissiyanın məbləği, sığorta hadisələrinin araşdırılması və sair idi.

Xatırladaq ki, «AXA» şirkəti dünyanın sığorta bazarının lideridir, şirkətin adı isə artıq bir neçə ildir ki, dünyanın bir nömrəli sığorta brendi sayılır. Bir neçə il əvvəl şirkət Azərbaycanda fəaliyyətini daha da genişləndirmək, hətta həyat sığortası şirkəti yaratmaq niyyətində idi. Amma sonradan bu baş tutmadı. Belə yüksək reytinqə və nüfuza malik olan şirkətin ölkənin maliyyə sektorunu tərk etməsi Azərbaycan üçün olduqca mənfi siqnaldır.

 





21.02.2018    çap et  çap et