Vaxt.Az

15 türkiyəli qadına ölüm hökmü


 

İraq hökuməti məhkumları İŞİD-lə əlaqədə günahlandırır

15 türkiyəli qadına ölüm hökmü İraq məhkəməsi özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran hərbi qruplaşmaya qoşulmaqda günahlandırılan ən azı 15 türk qadınla bağlı ölüm hökmü çıxarıb.

Bəzi məlumatlarda deyilir ki, edam hökmünə məhkum edilən 16 nəfərdir, ancaq bəzi mənbələr bir qadının ömürlük həbs olunduğuinu deyir.

Məhkəmənin qənaətinə görə, qadınlar İŞİD yaraqlıları ilə evləndiklərini, yaxud qrupa logistik dəstək verdiklərini, həmçinin hücumları həyata keçirməkdə onlara köməklik göstərdiklərini etiraf ediblər.

Minlərlə xarici vətəndaş İraqda və Suriyada İŞİD sıralarında döyüşüb və ölüb.

Məlumata görə, 20 və 50 yaş arasında olan çadralı qadınlar bazar günü İraqın mərkəzi cinayət məhkəməsinə gətiriliblər. Onlardan dördünün yanında azyaşlı uşaqları olub.

Onlardan biri məhkəməyə deyib ki, o, yaraqlılar tərəfdən İraq hərbiçilərinə qarşı vuruşub.

AFP xəbər agentliyinin yaydığı məlumata əsasən, İraqda azı 560 qadın və 600 uşaq «cihadçı» və İD yaraqlılarının qohumları olması səbəbiylə həbs olunub. Yüzlərlə saxlanan şəxslə bağlı məhkəmə davam edir.

Bu ayın əvvəllərində bir türk qadın ölümə məhkum edilib və digər 10 nəfər isə ömürlük həbsə məhkum olunub.

«Human Rights Watch» təşkilatı məhkəmə ilə bağlı narahatlığını ifadə edib və prosesi ədalətsiz adlandırıb.

Bir neçə ay öncə İraqda İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı qadının da saxlandığı bildirilmişdi.

İraqın anti-terror qanunlarına görə, İŞİD-ə qoşulan hər kəs, hətta döyüşçü olmayanlar da aşkar edildikdə edam cəzası alırlar.

 





26.02.2018    çap et  çap et