Vaxt.Az

«Əvvəlki kimi çılğın deyildim»


 

Samir Əliyev: «İstəyirəm futbolçular da sərbəst oynasınlar»

«Əvvəlki kimi çılğın deyildim» «Səbail»in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının XVIII turunda «Kəpəz»ə səfərdə 1:2 hesabı ilə yenildikləri matçdan sonra mətbuat konfransı keçirib. O, rəqibin ədalətli qələbə qazandığını bildirib.

- «Qəbələ» üzərində qələbədən sonra komandamızda heç bir eyforiya yox idi. Onda rəqib bizdən yaxşı oynamışdı. Bizim isə bəxtimiz gətirmişdi. «Kəpəz» bu gün qələbəni daha çox istəyirdi və onu layiqli qazandı. Bu münasibətlə rəqibi təbrik edirəm və uğurlar arzulayıram. Xeyli səhvimiz oldu. Onlar üzərində işləməliyik.

 

- Səhvlər deyəndə, əsas nəyi nəzərdə tutursunuz?

- Taktiki səhvlərdən söhbət gedir. Belə götürəndə, çox qol vəziyyəti yaratmadıq.

 

- Buraxdığınız qolları necə şərh edərsiniz?

- Biri penaltidən oldu, digəri uzaq məsafədən zərbədən. Qollara baxıb təhlil etməyimiz lazımdı. Yolumuza davam edəcəyik. Məqsədimiz məlumdur. Komanda formalaşdırmaq, layiqli mübarizə aparmaq istəyirik. Bu oyunu unudub, səhvlərimizi təhlil etməli, növbəti matçlara daha yaxşı hazırlaşmalı, oynamalıyıq.


- Sizi «texniki zona»da çılğın görmüşük. Ancaq bu oyunda belə deyildiniz. Xüsusilə də ikinci hissədə qol buraxdıqdan sonra...

- Razıyam, əvvəlki kimi çılğın deyildim. İstəyirəm ki, bir az sakit olum, çılğınlığımı azaldım ki, futbolçular da sərbəst oynasınlar.


- Ancaq bu oyun göstərdi ki, futbolçular sərbəst çıxış edəndə, belə nəticə olur...

- Nə etməliyəm ki? Gərək bütün oyunu qışqırım? Futbolçularımıza oynamaq üçün sərbəstlik vermək lazımdı. Sadəcə, 2-ci qolu buraxdıqdan sonra özümdə ruh düşkünlüyü yarandı ki, bu da rol oynadı.

 





04.03.2018    çap et  çap et