Vaxt.Az

Rusiyanın yeni sınaqları uğursuz olub?!


 

Putinin bəhs etdiyi fantastik silahlardan biri Arktikada partlayıb

Rusiyanın yeni sınaqları uğursuz olub?! Rusiya prezidenti Vladimir Putin bu gün Federal Təhlükəsizlik Xidmətinin kollegiyasında çıxış edərək ötən həftə açıqladığı fantastik silahlar üzərində işin məxfiliyini təmin edə bildiyinə görə çekistlərə minnətdarlıq edib.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin bu silahlar üzərində işin illərdir getdiyini deyib.

«Burada minlərlə adam, yüzlərlə konstruktor və elmi kollektivlər, sənaye müəssisələri iştirak edirdi. Qeyd etmək istəyirəm ki, bu irimiqyaslı layihələrlə bağlı effektiv və operativ əks-kəşfiyyat fəaliyyətini təmin etmək mümkün olub. Sizə və bu məsul, mürəkkəb işdə iştirak edən hər kəsə təşəkkür edirəm», - Putin çekistlər qarşısında bildirib.

Rusiya prezidentinin sözlərinə görə yeni silahlar üzərində iş asan olmayan şərtlər altında aparılırdı. Xarici kəşfiyyat ən müasir metodlardan, agentura şəbəkəsindən və texnikadan istifadə edərək Rusiya üzrə işləyirdi. Putin bu yaxınlarda qəbul edilən yeni silahlanma proqramı barədə də FTX-yə tapşırıq verib, deyib ki, bu silahlanma proqramlarını korrupsiya təhdidindən qorumaq lazımdır.

Xatırladaq ki, Putin ötən həftə Federal Məclisə illik müraciətində ölkəsinin altı yeni fantastik silah növünə malik olduğunu açıqlayıb. Bunlar «Sarmat» qitələrarası ballistik raketi, «Kinjal» («Xəncər») aviasiya raketi, hipersəs sürəti ilə uçan nüvə mühərrikli qanadlı raket, yenə də nüvə mühərrikli sualtı pilotsuz döyüş aparatı və lazer silahıdır. Hansı ki, Putinin bildirdiyinə görə bu silahlara qarşı heç bir müdafiə vasitəsi yoxdur və yaxın perspektivdə də olmayacaq.

Rusiya prezidentinin yeni fantastik silahlar barədə danışdıqları dünyada əsas müzakirə mövzularından biridir. Hərçənd Putinin dedikləri Qərbdə sakit qarşılanıb, ABŞ Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın hipersəs sürətli yeni silahlar üzərində işlədiyi onlara məlum idi.

CNN telekanalı ABŞ kəşfiyyatındakı mənbələrə istinadən  bildirir ki, Rusiyanın yeni silahlarının sınaqları uğursuz olub. «Fox News» telekanalı da Putinin bəhs etdiyi nüvə mühərrikli qanadlı raketin sınaqlarının uğursuz olduğunu Amerika administrasiyasındakı mənbəyə istinadən xəbər verir. Bildirilir ki, belə raket hələlik işlənib hazırlanma mərhələsindədi və Arktikada keçirilən sınaqlardan biri uğursuz olub. ABŞ kəşfiyyatı raketin partladığını qeydə alıb.

İsveçin «Aftonbladet» qəzeti isə bu ölkənin keçmiş xarici işlər naziri Karl Bildtin «Twitter»də yazdıqlarından sitat gətirir. Bildt hesab edir ki, son illər Skandinaviya yarımadası və Şimali Avropa üzərində qeydə alınan şübhəli radiasiya məhz Rusiyanın yeni fantastik silahları sınaqdan keçirməsinin nəticəsi ola bilərdi. Ötən ilin payızında növbəti belə radiasiya qeydə alınanda alimlər şüalanmanın mənbəyinin Rusiyanın Ural vilayəti olduğunu müəyyən etmişdilər.

Norveçin «Bellona» analitik mərkəzində işləyən nüvə fizikası alimi Nils Byomer də hesab edir ki, Rusiyanı nüvə mühərrikli raketlərinin sınaqlarının keçirilməsi müəyyən radioaktiv tullantılara səbəb ola bilərdi. Xüsusən də bu yaxınlarda Avropa üzərində aşkarlanan yod-131 radioaktiv maddəsi. Alim bildirir ki, yod-131 maddəsinin yarımparçalanma dövrü bir həftə çəkir və havada bu izotopun mövcudluğu ancaq reaktorun işi ilə bağlı ola bilər.

 





05.03.2018    çap et  çap et