Vaxt.Az

ABŞ qorxulu iddianı təsdiqlədi


 

Şübhələr təşvişə döndü

ABŞ qorxulu iddianı təsdiqlədi Martın əvvəlində Rusiya prezidenti Vladimir Putin ölkəsinin fantastik silahlara malik olması ilə bağlı bəyanat verdi. Onun bu bəyanatını ciddi qəbul etməyən bəzi Qərb dairələri rişxəndlə bu silahları realda görmək istədiyini dəfələrlə qeyd edib. Bu silahlar içərisində isə ən ciddi müzakirə mövzusu isə hipersəs sürətli raketlərdir.

Bu raketlərin Qərbdə belə şöhrət qazanmasının əsas səbəbi indiyə kimi icad olunmuş bütün müdafiə sistemlərini yararsız hala gətirməsidir. Bu raketlərin fantastik sürəti raket əleyhinə müdafiə kompleksləri qarşısında ona böyük üstünlüklər təmin edir. Belə ki daha az sürətə reaksiya verə bilən bu komplekslər bu halda hədəf rolunu oynamaq və müşahidə etməkdən başqa heç bir işə yaramırlar.

Modern.az saytının məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinin generalı, Strateji Komandanlığın rəhbəri Con Hayten “Kosmik simpozium”da Rusiyada bu silahın mövcudluğu barədə dəlillərin olması haqda sualları cavablandırmaqdan yayınıb. Lakin onun sözlərindən aydın olub ki, belə silahlar mövcuddur.

“Mən sizə aparılan sınaqlar, müşahidə vasitələrimiz barədə heç bir məlumat verməyəcəm. Mən sizə bu raketlərin texniki xassələri barədə də heç bir təfərrüat gətirməyəcəyəm”, - general bildirib.

“Siz Vladimir Putinin dediyi hər şeyə inanmalısınız. Üzərində işlədiklərini söylədiyi hər şeyə. Düşünürəm ki, hipersəs sürətli raketlər üzərində üstünlüyümüz olacaq müəyyən sahələr var. Amma Rusiya və Çin hipersəsin üstünlüklərinin tam kompleks sınaqları artıq həyata keçiriblər”, - deyə o qeyd edib.

General həmçinin bu raketlərin hazırda layihə ərəfəsində yoxsa tam sınaq mərhələsində olduğuna aydınlıq gətirməyib. Lakin onun sözlərindən artıq Qərbin Putinin bəyanatını ciddi qəbul etdiyi məlum olur.

Bu silahların 2000 km məsafəni qət edə bilməsi və 10 Maxa (saatda 12250 km-dən çox) sürətlə hərəkət etmə bacarığı onu hazırda “məğlubedilməz” adlandırmağa imkan verir.

 





20.04.2018    çap et  çap et