Vaxt.Az

Akademikin 95 illiyinə həsr olunmuş konfrans


 

Nazir: “Zərifə xanım yüksək ixtisaslı səhiyyə kadrların hazırlanmasına böyük əmək sərf edib”

Akademikin 95 illiyinə həsr olunmuş konfrans Aprelin 28-də Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş “Oftalmologiyanın aktual problemləri” adlı beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə əklil qoyublar.

Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.

Sonra tədbirdə çıxış edən səhiyyə Naziri Oqtay Şirəliyev Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu bildirib. Qeyd olunub ki, görkəmli oftalmoloq vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir: “O, ümumilikdə 200-qədər elmi işin, 14 monoqrafiyanın və 12 səmərələşdirici təkliflərin müəllifidir. Zərifə xanım Əliyeva yüksək ixtisaslı səhiyyə kadrların hazırlanmasına böyük əmək sərf edib”.

İki gün davam edəcək konfransda görmə orqanlarının peşə patologiyaları, oftalmologiyanın sosial məsələləri, oftalmoloji yardımın təşkili, uşaq yaşlarında görmə orqanının patologiyası, optik mühitlərin patologiyaları, refraksia pozuntuları, korreksiya, qlaukoma, vitreoretinal patologiya, oftalmoonkologiya, görmə orqanının yoluxucu və parazitar xəstəlikləri, görmə orqanı zədələri, uşaq yaşlarında görmə orqanının patologiyası kimi məsələlər müzakirə ediləcək.

 





28.04.2018    çap et  çap et