Vaxt.Az

Pensiya artımı kimlərə şamil edilmədi?


 

Nazirlik rəsmi açıqlama yaydı

Pensiya artımı kimlərə şamil edilmədi? Azərbaycan Prezidentinin 9 fevral 2018-ci il tarixli sərəncamına əsasən, əmək pensiyalarının ölkə üzrə əmək haqlarının ötənilki illik artım faizinə uyğun, yəni 5,7 faiz indeksləşdirilərək artırılması təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev mətbuata bildirib ki, sərəncama əsasən, əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 236 min nəfərinə və ya 94 faizinə şamil olunub:

“Sərəncam bir sıra kateqoriyalardan (dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və s.) olan pensiyaçılara şamil olunmur ki, həmin kateqoriyalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsində göstərilir”.

Nazirlik rəsmisi artımın həmin kateqoriyadan olan şəxslərə şamil edilməməsinin səbəblərini də açıqlayıb:

“Pensiyaların indeksləşdirilərək artırılmasının qeyd olunan kateqoriyalara aid şəxslərə şamil olunmamasının səbəbi bundan ibarətdir ki, dövlət qulluğu və əmək pensiyaları haqqında qanunvericiliyə əsasən, onların pensiyaları onların işləmiş olduqları müvafiq fəaliyyət sahələrində əmək haqlarının artımı ilə əlaqədar artırılır.

Məsələn, vaxtilə dövlət qulluğunda işləmiş və dövlət qulluqçusu kimi əmək pensiyası alan şəxsin əmək pensiyasının artımı hazırda dövlət qulluğunda əmək haqqının artımı əsasında həyata keçirilir. Ona görə də bu kateqoriyalardan olan pensiyaçıların pensiyalarının artımı indeksləşdirilərək artırılma prinsipinə əsaslanmır”.

 





30.04.2018    çap et  çap et