Vaxt.Az

Ermənistan iflic vəziyyətindədir


 

Vətəndaş itaətsizliyi genişlənib

Ermənistan iflic vəziyyətindədir Ermənistanda Nikol Paşinyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları başlayıb. Rusiyanın NTV telekanalı xəbər verir ki, bu gün səhərdən etibarən ölkə boyu kütləvi etirazlara start verilib.

Paytaxt İrəvanda fəallar bəzi nazirlik və dövlət idarələrinin, o cümlədən Elm və Təhsil Nazirliyinin, Diaspora Nazirliyinin binalarına girişi kəsib, bir çox küçə və prospektdə hərəkət dayandırılıb.

Gümrü və Maralik şəhərlərində etirazçılar yerli meriya binalarına daxil olub. Gümrüdə yerli müxalifətçi fəallardan olan Levon Barsegyan bildirib ki, şəhər meri Samvel Balasanyan müxalifətin tərəfinə keçməlidir. O, şəhərdə bütün dövlət binalarına müxalifətin nəzarət etdiyini söyləyib.

Maralik şəhərində də eyni vəziyyət yaranıb. Nümayişçilər meri hakim partiya sıralarından istefa verərək xalqa qoşulmağa çağırıblar.

Etirazçıların lideri Nikol Paşinyan “Reuters”ə açıqlamasında bildirib ki, kütləvi aksiyalar davam edəcək: “Biz təslim olmayacağıq. İtaətsizlik və tətil davam edəcək”.

N.Paşinyan yenidən baş nazir vəzifəsinə namizədliyini irəli sürüb-sürməmək barədə düşünəcəyini vurğulayıb.

Bu gün axşam saat 19:00-da İrəvanın mərkəzi Respublika meydanında yenidən mitinq keçiriləcəyi və bu gün yolların bağlanması və ümummilli tətillə bağlı görülmüş işlərə yekun vurulacağı bildirilib.

 





02.05.2018    çap et  çap et