Vaxt.Az

Netanyahunun Moskva səfərinin detalları


 

Rusiya İran-İsrail gərginliyində tərəf tutmur

Netanyahunun Moskva səfərinin detalları Suriyada İran və İsrail arasında əməlli-başlı müharibə gedir. Tramp nüvə sazişindən çıxmaq qərarını açıqladıqdan dərhal sonra İsrail aviasiyası Şam ətrafındakı Əl Kisva qəsəbəsində İran qüvvələrini bombalamışdı. Əməliyyat nəticəsində bəzi məlumatlara görə 9, digər məlumatlara görə isə 15 İran hərbçisi və şiə könüllüsü ölüb.

Bu hücuma cavab olaraq bu gecə İran qüvvələri İsrail ordusunun Qolan təpələrindəki mövqelərinə 20 raket atıb. İtkilər barədə məlumat yoxdur, İsrail iddia edir ki, “Dəmir günbəz” sistemi bu raketlərin əksəriyyətini tuta bilib.

İranın hücumuna cavab olaraq əvvəlcə İsrail tankları Suriyadakı yaxın hədəflərə cavab atəşi açıb. Sonra aviasiya İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin Suriyanın cənub-qərbindəki Əl Kuneytra bölgəsində və Şamın şimalındakı çoxlu sayda hərbi obyektinə raket zərbələri endirib. Əməliyyat zamanı “Qüds”ün mənzil-qərargahı, kəşfiyyat bölmələri, hərbi-logistika kompleksləri, hərbi düşərgəsi, silah anbarları, hərbi postları, müşahidə məntəqələri vurulub. İtkilər barədə hələlik məlumat yoxdur. Suriya tərəfi raketlərin bir qismini vurduğunu bildirsə də, bəzi raketlərin Suriya hava hücumundan müdafiə sisteminə aid RLS-i sıradan çıxardığını etiraf edib.

Bu zərbələrin intensivliyi yəqin ki, artacaq. Çünki İsrail İranın onun sərhədlərində güclənməsinə, hərbi bazalar qurmasına, Livana qurudan çıxış və Aralıq dənizinə birbaşa çıxış əldə etməsinə yol verə bilməz, bu, İsrail üçün var olmaq məsələsidir. Səudiyyə Ərəbistanı ilə İsrailin bu məsələdə maraqları tam üst-üstə düşür. Çünki İran yuxarıdan İraq-Suriya-Livan, aşağıdan Yəmən-Qırmızı dəniz xətti ilə uzanan iki “şiə ayparası” yaradıb ki, bu da Səudiyyə Ərəbistanı üçün ekzistensial təhlükədir.

Suriyadakı İran qüvvələrini qoruya biləcək yeganə güc Rusiyadır, lakin Moskva İran-İsrail münaqişəsinə qarışmır. Dünən Moskvadakı Qələbə günü tədbirlərinə Netanyahunun da dəvət olunması Putinin İsrail dövləti ilə münasibətlərə verdiyi önəmin daha bir göstəricisidir. Ölçüsü kiçik, çəkisi isə böyük olan İsrail Rusiyaya qarşı ciddi təzyiq vasitələrinə malikdir. ABŞ-dakı (Qərbdəki) İsrail lobbisinin Rusiyaya qarşı sanksiyaları daha da ağırlaşdırmaq gücünə malik olması, İsrail dövlətinin və lobbilərinin Ukrayna ilə Gürcüstana siyasi, maddi, hərbi dəstəyi artırmaq imkanları, Rusiyada kapital sahibi olan oliqarxların arasında yəhudi mənşəlilərin xüsusi yer tutması, ümumən dünya maliyyə sistemində yəhudilərin oynadığı rol Rusiyanı çəkindirən amillərdir.

 

 





10.05.2018    çap et  çap et