Vaxt.Az

“Traktor” satılıb


 

“Dünyanın ən çox tərəfdarı olan türk komandası”nı təbrizli iş adamı alıb

“Traktor” satılıb Təbrizin “Traktor” futbol klubu satılıb. “Amerikanın səsi”nin yazdığına görə, klubun mülkiyyəti ilə əlaqədar bəzi mübahisələrə baxmayaraq, İnqilab Keşikçiləri Korpusu (Sepah) klubun satış prosesini başa vurub.

Klubun icraçı direktoru Abbas İlyas mətbuata açıqlamasında klubun satılmasını təsdiqləyib. O, bu barədə açıqlamanın bir qədər yubanmasını təhvil-təslim işlərinin uzanması ilə əlaqələndirib.

O, həmçinin qeyd edib ki, klubun liderliyi üçün əllərindən gələni edirlər: “Tərəflər oyunçu transferi məsələsində narahat olmamalıdırlar. Çünki klubun gələcəkdəki liderliyi üçün çalışılır. Yeni məşqçi və oyunçuların alınması məsələsində müzakirələr aparırıq. Yəqin ki, baş məşqçi əcnəbi olacaq”, - deyə icraçı direktor hər kəsi klubun yeni sahibini dəstəkləməyə çağırıb.

İran Azərbaycanında türk kimliyinin simvolu kimi tanınan “Traktor” futbol komandasının yeni sahibi Təbrizli iş adamı Məhəmməd Rza Zunuzi İranın ən zəngin 10 adamından biri kimi tanınır. O, həmçinin Təbrizin “Maşinsazi” və “Polad” klublarının sahibidir.

Xatırladaq ki, Təbrizdəki Traktor Zavodunun himayəsi ilə 1970-ci ildə təsis edilmiş klub 90-cı illərdə rumıniyalı məşqçi Vasili Qocanın rəhbərliyi ilə önəmli uğurlara imza atmışdı. Son illər klubun azarkeş bazası İran və dünya mediasını diqqətini çəkəcək xeyli genişlənib. “Traktor” hazırda Təbrizdən əlavə İran Azərbaycanı və ölkənin digər türk bölgələrində ən çox azarkeşi olan futbol komandasıdır.

İran Azərbaycanından əlavə, İranın digər bölgələrində yaşayan türklər arasında da çox sayda azarkeşi olan “Traktor” klubu ölkədə türk kimliyinin bir simvolu kimi dəyərləndirilir. Komanda Türkiyə mediasında “dünyanın ən çox tərəfdarı olan türk komandası” kimi təqdim edilir.

 





29.05.2018    çap et  çap et