Vaxt.Az

Xalqı, vətəni sevən şairlər unudulmur


 

Mikayıl Müşfiq anadan olmasının 110-cu ildönümündə yad edildi

Xalqı, vətəni sevən şairlər unudulmur İyunun 5-də XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illiyi və doğum günü ilə əlaqədar şairin Bakıdakı büstü ziyarət olundu.

Anım mərasimində çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, Mikayıl Müşfiq qısa ömür yaşasa da, özündən sonra böyük iz qoyub.  Şairin fəaliyyəti, vətənə məhəbbəti, həyat tərzi insanlarda rəğbət yaradır.

Vurğulandı ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il şairin 110 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq: “Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, Azərbaycan Milli Elmlər Akademiyası və digər qurumlar geniş tədbirlər planı hazırlayıb və ilboyu biz bu yubiley tədbirlərinin şahidi olacağıq. Dövlətimiz yazıçılara, şairlərə həmişə böyük diqqət və qayğı ilə yanaşır. Elə il olmur ki, ölkəmizdə qələm adamlarının yubiley tədbirləri keçirilməsin. Bu diqqət nəticəsində onların yaradıcılığı geniş təbliğ edilir”.

Vaqif Əliyev qeyd etdi ki, Mikayıl Müşfiq heç zaman unudulmayacaq şairdir. Çünki o, dünyaya şair kimi gəlmişdi. Müşfiq siyasi rejimin qurbanı olsa da, əbədiyyət qazandı, əsərləri xalqın dilində əzbərə çevrildi: “Azərbaycan milli musiqi aləti tarın aşiqi olan Müşfiq vaxtilə “Oxu, tar” deyərək alətin müdafiəsinə qalxmışdı. Bu gün Azərbaycan tarının UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında yer alması yəqin ki, nakam şairin də ruhunu şad edir”.

Nazirin birinci müavini onu da diqqətə çatdırdı ki, ölkəmizdə Müşfiqin xatirəsinin əbədiləşdirilməsi məqsədilə adına küçə, qəsəbə verilib, paytaxtdakı 18 saylı orta məktəb şairin adını daşıyır. Şairin Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, Xızıda xatirə muzeyi yaradılıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışı zamanı bildirdi ki, bu gün 110 yaşlı gənc Müşfiqin xatirəsini yad edirik: “Coşqun qəlbi yazıb-yaratmaq eşqi ilə çırpınan Müşfiqin yubileyi ilə əlaqədar dövlət başçısının sərəncamı şairin ruhuna ən böyük ehtiramdır. Bu yubiley poeziya bayramına çevriləcək. Çünki Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir. Xalqı, vətəni sevən şairlər heç zaman ölmür və unudulmurlar”.

Çıxışlardan sonra şairin büstü önünə tər çiçəklər düzüldü, xatirəsi yad edildi. Tədbirdə Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Yazıçılar Birliyinin nümayəndələri, şairin ecazkar poeziyasının pərəstişkarları iştirak edirdi.

Qeyd edək ki, iyunun 5-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz, Yasamal Rayon İcra Hakimiyyəti və Cəfər Cabbarlı Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə Mikayıl Müşfiqin abidəsi önündə “Əbədiyyət nəğməsi” adlı poeziya günü də keçirilib.

Tədbirdə şairin həyat və yaradıcılığından söz açılıb, məktəblilərin ifasında ölməz şeirləri səsləndirilib.

 

Nakam ədib ata ocağında da anıldı

 

Mikayıl Müşfiqin 110 illiyi ilə əlaqədar şairin ata ocağında - Xızı rayonunun Sayadlı kəndində də anım tədbiri keçirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Abşeron rayon Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, rayon ictimaiyyətinin nümayəndələri, poeziyasevərlər iştirak edib. Şairin abidəsi ziyarət olunub, abidə önünə tər çiçəklər düzülüb.

Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov, idarənin Xızı rayonu üzrə nümayəndəsi Möhsün Bağırov, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşı, “Mikayıl Müşfiq” gəmisinin kapitanı olmuş Sakit Məlikov və başqaları çıxış ediblər.

Şairin sözlərinə bəstələnmiş mahnılar ifa edilib, şeirlərindən nümunələr dinlənilib.

Tədbirin sonunda Xalq artisti Nurəddin Mehdixanlı Mikayıl Müşfiqin 110 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamını oxuyub.

Tədbir Xızı rayon Heydər Əliyev Mərkəzində konsert proqramı ilə davam edib.

 





06.06.2018    çap et  çap et