Vaxt.Az

“Polonez”lər gəldi


 

Azərbaycan “İskəndəri” kölgədə qoyan raket kompleksləri ilə silah arsenalını zənginləşdirdi

“Polonez”lər gəldi Bu gün prezidentin açılışını etdiyi raket bazasının inşasına 2017-ci ilin mayında başlanılıb. Müdafiə nazirinin raportuna əsasən ümumi ərazisi 36 hektar olan hərbi hissədə qərargah binası, əsgər yeməkxanası və yataqxanası, idman və sıra düzülüş meydançaları, maşınlar üçün qaraj, nəzarət buraxılış məntəqəsi, nəzarət qüllələri quraşdırılıb.

Hərbi hissənin qərargah binası müasir səviyyədə inşa olunub. Binada hərbçilər üçün bütün zəruri avadanlıqla təchiz edilən iş otaqları var. Bir sözlə, burada hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb. Bu cür müasir qərargah binalarının yaradılması hərbi potensialın artırılması, əsgər və zabitlərin xidmət şəraitlərinin yüksək səviyyədə təmin edilməsi istiqamətində dövlətimizin atdığı mühüm addımların ardıcıl olduğunu bir daha göstərir.

Dövlətimizin başçısı hərbi hissənin əsgər yataqxanasında yaradılan şəraitlə də tanış olub. Yataqxana binasında əsgərlərin qalması və istirahəti üçün hərtərəfli şərait var. Hərbi hissədə əsgər və zabitlərin idmanla məşğul olmaları üçün də yaxşı şərait yaradılıb. Burada quraşdırılan idman meydançasında hərbi qulluqçular minifutbol, basketbol və voleybolla məşğul ola biləcəklər.

Hərbi hissənin əsgər yeməkxanası da müasir səviyyədədir. Təmiz və işıqlı yeməkxana binasında hərbi qulluqçulara bol enerjili, ekoloji təmiz və rasiona uyğun yeməklər verilir. Bütün bunlar bir daha göstərir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində mühüm işlər görülür, hərbi qulluqçuların xidməti, yaşayış və istirahət şəraitlərini yüksək səviyyəyə çatdırmaq məqsədilə konkret addımlar atılır.

Hərbi hissənin raketlərin yoxlanılması anqarında zəruri avadanlıq quraşdırılıb. Burada raketlər təmir ediləcək və yoxlanılacaq. Burada, həmçinin raket meydançası da yaradılıb. Bu hərbi hissədə belə müasir infrastrukturun yaradılması onun strateji əhəmiyyətini daha da artırır.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev raketlərin saxlanması və döyüş maşınlarına yüklənməsi anqarına da baxdı.

Yeni hərbi hissənin ərazisində iriqabaritli hərbi maşınlar üçün saxlanma anqarı, yanacaqdoldurma məntəqəsi, açıq test meydançası yaradılıb. Ümumilikdə, burada görülən işlər ordu quruculuğu sahəsində son illərdə aparılan məqsədyönlü islahatların tərkib hissəsidir.

Prezident daha sonra hərbi bazada yerləşdirilmiş və Azərbaycanın Belarusdan yeni aldığı raket komplekslərinə baxış keçirib. Ali Baş komandana əməliyyat-taktiki raket kompleksi olan “POLONEZ” barədə məlumat verildi. Onun maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “POLONEZ”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.

Əməliyyat-taktiki raket kompleksi olan “LORA” da “POLONEZ” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. Həm “POLONEZ”, həm də “LORA” kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur.

 

***

 

11:42

Prezident, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin bu gün açılışını etdiyi hərbi hissədə “Polonez” raket kompleksləri dislokasiya olunub.

Virtualaz.org xəbər verir ki, bu sensasion detal hərbi hissənin açılışına dair prezidentin rəsmi saytında yerləşdirilmiş fotolardan məlum olub. Kadrlara əsasən prezident müdafiə naziri Zakir Həsənovun müşaiyəti ilə sıra şəklində düzülmüş çoxsaylı "Polonez" komplekslərinin önündən keçir. Daha sonra prezidentin raket kompleksinin yerləşdirildiyi şassinin sükanı arxasında fotosu dərc edilib.

 

***

 

10:19

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün iyunun 11-də Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Bu haqda Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 





11.06.2018    çap et  çap et