Vaxt.Az

“İstiqlal”ın əks-sədası …


 

Yaxud Avropaya qaçan erməni snayperləri …

“İstiqlal”ın əks-sədası … Azərbaycan hərbi sənayesinin ilk qaranquşlarından sayılan iriçaplı, uzaq hədəfli “İstiqlal” snayper tüfəngi 2008-ci ildən bəri ordumuzun hərbi arsenalındadır. Model, son 10 il ərzində dəfələrlə təkmilləşdirilib. Ermənilərin əsl qorxulu röyasına çevrilmiş bu tüfəngə dünya bazarında da tələbat mövcuddur. O, artıq İordaniya, Pakistan, Türkiyə ordularının silah arsenalındadır. 2011-ci ildə Türkiyə, Azərbaycan hərbi sənayeləri bu sərrast tüfəngin birgə istehsalı ilə bağlı ikitərəfli müqavilə də imzalayıb.

On il əvvələ qədər erməni, Azərbaycan snayperləri eyni silahla – sovetdən qalma köhnə SVD (Draqunov snayper tüfəngi) snayper tüfəngi ilə təchiz olunurdu. Ancaq, 2011-ci ildən müdafiə sənayemiz bu silahları “İstiqlal”, “Yırtıcı”, “Yalquzaq”, “Mübariz” adlı öz snayper tüfəngləri ilə əvəzləyir. Nəticədə sərhəd boyu gedən snayper duellərində bizimkilər düşmənə açıq-aşkar üstün gəlməyə başlayır.

Razılaşaq, erməni-Azərbaycan cəbhə xətti boyu atəşkəsdən, yəni 1994-ci ildən sonra əsl snayper müharibəsi gedir. Öz snayper silahlarımız istifadəyə verildikdən sonra bu dueldə üstünlük tamamilə bizdədir.

Bu üstünlüyü, əldə etməyimizdə əsas səbəb snayper tüfəngimizin taktiki-texniki xarakteristikasındadır. Yəni bizim arsenalımızdakı yeni snayper tüfənglərimizin əsas göstəriciləri düşməninkinə nisbətən iki dəfə çoxdur. Daha dəqiq, “İstiqlal”ın kalibri 14,5 mm, Draqunov tüfəngində isə (SVD) 7,62 mm-dir, bu da hədəfi 2 dəfə artıq, o cümlədən zirehliləri məhv etməyə imkan verir. Bundan başqa “İstiqlal” snayperinin uzunluğu 2256 mm, lüləsini uzunluğu 1300 mm-dir. Bu göstəricilərin də SVD-yə nisbətən (silahın uzunluğu 1,225 mm, lülənin uzunluğu 620 mm) iki dəfə çox olması, bir o qədər daha uzaq məsafədə olan adi, o cümlədən zirehli hədəfləri məhv etməyə imkan verir.

Hərbi qarşıdurmada son zamanlar düşmənin pat vəziyyətinə düşməsi sırf bu amillə əlaqədardır.

Ermənilər, əvvəlcə bu silah qarşısında şoka düşürlər. Başa düşürlər ki, Rusiya istehsallı kiçikçaplı SVD snayper tüfəngi iriçaplı “İstiqlal”a qarşı tam gücsüzdür. Acığa düşən düşmən, “ASPAR Arms” adlı yerli şirkətin sifarişi ilə 2013-cü ildə “Asr-300” (kalibr 7,62, uzunluq 925 mm, lülədə 670 mm), “Ass-300” adlı öz snayper tüfənglərini istehsala buraxırlar. Amma bu da yaraya məlhəm olmur. Çünki bu tüfənglər də sovetin köhnə SVD-lərindən fərqlənmir.

Xeyli canlı itki verdikdən sonra düşmən qərara gəlir ki, “İstiqlal”a qarşı Finlandiya istehsalı olan “SAKO TRG-41” snayper tüfəngindən istifadə etsinlər.

2017-ci ildə Ermənistan Müdafiə Nazirliyi, aldığı 54 ədəd bu silaha görə Finlandiyaya 25 min 440 avro pul köçürsə də, gömrük kağızlarında bu rəqəm nədənsə xeyli şişirdilərək, 72 min 400 ABŞ dollar həcmində sənədləşdirilib. Məsələ aydındır - ortadakı fərq korrupsiya nəticəsində hansısa erməni general(lar)ının dərin cib(lər)inə “axıb”.

Ancaq, törədilmiş cinayət təkcə bununla kifayətlənmir. Ortada bir başqa, daha dərin cinayət faktı mövcuddur.

Uzun illərdir ki, Avropa İttifaqı ölkələri ərazisinə Afrika, Asiyadan snayperlər mühacirət edərək siyasi qaçqın statusu alırlar. Və bəhanə edirlər ki, guya düşmən əsgərlərini öldürmək istəmirlər və öz qara əməllərindən cana doyublar və s. Onu da əlavə edək ki, bu qaçqınların çoxu Skandinaviya ölkələrində, o cümlədən Finlandiyada məskunlaşır.

Ortada isə ziddiyyət yaranıb. Bir tərəfdən Finlandiya Ermənistana snayper silahları satır. Digər tərəfdən, pasifist mövqe tutaraq, ermənilərin fərari snayperlərinə öz ərazisində qaçqın statusu verir.

Yaxşı olar ki, bu presidentlərdən, ziddiyyətlərdən istifadə edərək Azərbaycan mövzu ilə əlaqədar Avropa Məhkəməsinə müraciət etsin. Desin ki, bu riyakarlığa son qoyun və yarımçıq deyil, axıradək pasifist olun.

Nə öz snayper silahlarını Ermənistana satın, nədə ki, erməni snayperlərə altında siyasi sığınacaq verin.

Bu məsələdə erməni snayperlərin qurbanları bu məhkəmədə Finlandiya dövlətindən təzminat, cərimə də tələb edə bilərlər.

Mövzu açıqdır. Qalır bircə şikayət ərizəsini Avropa Məhkəməsinə göndərmək.

 





22.06.2018    çap et  çap et