Vaxt.Az

Məqsəd qorxutmaqdır


 

Sələmçi absurd ittihamla borcalanı həbs etdirmək istəyir

Məqsəd qorxutmaqdır Sabah saat 12.00-da Xətai rayon məhkəməsində hakim Habil Məmmədovun sərdliyi ilə Mahmudov Qədir Mahmud oğluna qarşı Cinayət Məcəlləsinin 306.1-ci maddəsi (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə) ilə irəli sürülmüş ittiham üzrə son iclas ola bilər. Vəkil kimi mənim çıxışımla başlayacaq, sonra Mahmudov son sözünü deməlidir.

İşin mahiyyəti belədir. Mahmudov sələmçi Məmmədov Ramiz Şahmurad oğlundan aylıq 10%-lə 7440 manat borc alıb. Borc ödənilsə də, Mahmudovun əlində sübut yoxdur. Buna görə də Məmmədov Mahmudovu məhkəməyə verib və işi udub. Lakin işsiz Mahmudov məhkəmə qətnaməsini yalnız qismən icra edə bilib. Buna baxmayaraq inzibati qaydada 10 günlük həbs edilib. Bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət də etmişəm (məlum olduğu kimi, Avropa Məhkəməsi artıq mənim bu kimi şikayətlərim üzrə kommunikasiyaya başlayıb, qərarını gözləyirik).

Lakin indi Mahmudov eyni əmələ görə artıq Cinayət Məcəlləsinə əsasən ittiham olunur. Təbii, ittiham absurddur və sabahkı çıxışımda bunu sübut edəcəyəm. Prokuror artıq Mahmudovun 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Onu da deyim ki, sələmçi Məmmədov məhkəmədə açıq dedi ki, Mahmudovun pulu var və ya yoxdur, onu maraqlandırmır, ödəyə bilmirsə, cəzasını çəksin. Yəni açıq-aşkar göstərir ki, pulun qayıtmasında maraqlı deyil (Mahmudov hər ay ödəniş edir!), başqa borcalanları qorxutmaq istəyir.

İşə təkan vermiş icra məmuru Əli Hacıyev isə mənim sualıma cavab olaraq məhkəmədə etiraf etdi ki, Mahmudovun borcu ödəməyə imkanı yoxdur. Soruşdum ki, bəs onda niyə cinayət işinin açılması üçün təqdimat vermisiz. Cavab verdi ki, sələmçi şikayət edib, ona görə. Heç dəxli var! Dedim ki, icraatınızda nə qədər belə borc işi var, hamısı üzrə belə təqdimatlar verirsinizmi? Cavab verməkdən imtina etdi!

Bu, sıradan bir iş deyil. İşin nəticəsi bütövlükdə cəmiyyətimiz üçün olduqca əhəmiyyətlidir. Banklardan fərqli olaraq, sələmçilər borcalanları inzibati qaydada həbs etdirməklə kifayətlənmir, onları mütləq cinayət məsuliyyətinə cəlb etdirmək istəyirlər (banklardan fərqli olaraq, sələmçilər vergidən də yayınır, amma nədənsə bu məsələ ilə məşğul olan yoxdur!). Məram aydındır: başqa borcalanlara dərs olsun! Bu işin mətbuatda işıqlandırılmasını olduqca zəruri hesab edirəm. Hörmətli jurnalist dostlarımı məhkəmə prosesində görməyə də şad olardım. Çünki problem yalnız bu sələmçidə deyil, həmçinin ona nədənsə (??!!) dəstək verərək bu işi məhkəməyədək çatdırmış icra məmurlarında, hüquq-mühafizə orqanlarındadır. İttiham aktı sadəcə biabırçılıqdır! Onu oxuyanda ölkəmizin hüquq sisteminin nə gündə olduğu aşkar olur.

P.S. Bu kimi işlər hüquq sistemimizə, cəmiyyətimizə ləkədir, rüsvayçılıqdır! Barbarlığın nümunəsidir! Buna görə də cəmiyyət olaraq fəal olmalıyıq. Əks halda, belə işlərin sayı artacaq. Yalnız mətbuat deyil, hamı fəal olmalıdır, ictimai qınaq vacibdir.

 





27.06.2018    çap et  çap et