Vaxt.Az

Klublar PFL-dən narazıdır...


 

... Bu qurum isə Qurbanovu gözləyir

Klublar PFL-dən narazıdır... Hamı narazıdır. Klublardan heç biri yay hazırlıq planını müəyyənləşdirə bilmir. Düzdü, heç kim səsini çıxarmır, yalnız qeyri-rəsmi söhbətlərdə nə isə deyirlər.

Səbəb sadədir. Peşəkar Futbol Liqası (PFL) yeni mövsümün start vaxtını açıqlamır. Bu səbəbdən klublar da çətinə düşüblər. Mövsümün başlama tarixi dəqiqləşməli, hazırlıqlar həmin vaxta hesablanmalıdır. Hamı PFL-i, bu qurum da milli komandanın məşqçilərini gözləyir. Çünki Qurban Qurbanov Millətlər Liqası üçün planını təqdim etməli, həmin vaxta kimi futbolçuların oyun praktikası naminə neçə tura çıxmasını istədiyini bildirməlidir.

Qurbanovun başı milli komandaların oyunlarına, eyni zamanda baş məşqçisi olduğu “Qarabağ”ın problemlərinə qarışıb. Transferlər, avrokuboklara hazırlıq planı müəyyənləşdirilir. PFL gözlədilir, bundan isə dolayı yolla digər klublar əziyyət çəkir.

Hələlik hamı xəlvətdə deyinir, lakin tezliklə narazılıqlar aşkar dilə gətiriləcək. İrəlidə görəcək günlərimiz var...

 





27.06.2018    çap et  çap et