Vaxt.Az
“Heç kim onlara demir ki, ...”
Prezident parkinqlərdəki vəziyyətdən narazıdır
“Dövlət vəsaiti hesabına parkinqlər tikilib, amma bu parkinqlər boşdur”. Bunu Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bildirib.“Parkinqlərin yanında maşınlar qanunsuz dayanıb və heç kim də
onlara demir ki, sən maşını niyə burada - parkinqlə üzbəüz saxlayırsan? Nədir
ki parkinqə gedib maşını saxlamaq ya əziyyətdir, ya da ki, pul vermək istəmir.
Bəlkə də qanunsuz olaraq az pul verib maşını burada saxlayır. Belə olan halda
biz şəhər nəqliyyatını necə tənzimləyək?! Dayanacağın yerində binalar tikirlər.
Məndə o şəkillər var. Mən müşavirə keçirmişdim, çox ciddi tapşırıq vermişdim və
ciddi iradlar bildirmişdim. Rayon icra hakimiyyətləri dayanacağın yerini zəbt
edir, hasarlayır, o yeri satır və demək olar ki, şəhər nəqliyyatını iflic vəziyyətə
salırlar. O səhvləri buraxan məmurlar işdən qovulub. Ancaq mən deyirəm ki, şəhər
nəqliyyatı hamımız üçün rahat bir nəqliyyat olmalıdır. Şəhərsalma qaydaları elə
qoyulmalıdır ki, şəhər nəqliyyatına əngəl törətməsin, əksinə, buna kömək göstərsin.
Azərbaycanın əhalisi artır, Bakı böyüyür. Qonşu ölkələrdən fərqli olaraq bizim əhalimiz
müstəqillik dövründə 7 milyondan 10 milyona çatıb. Bu artım müqabilində biz gələcəkdə
necə hərəkət edəcəyik? Biz insanların saatlarla tıxaclarda əziyyət çəkdikləri
böyük meqapolislərin vəziyyətinə düşmək istəmirik. Biz burada yeni damarlar,
yeni yollar açırıq. Amma hansısa yaramaz bir məmur pul naminə o yeri satır,
orada da qanunsuz bina tikirlər. Sonra da dövlət həmin binanın sökülməsi üçün
böyük vəsait, kompensasiya verməlidir ki, qanunsuz tikən oradan çıxsın və yol
açılsın. Ona görə çox ciddi tapşırıq verirəm, dövlət orqanları nəticə
çıxarsınlar”, - İlham Əliyev deyib.
10.07.2018 çap et