Vaxt.Az

Rubl, Lirə, Rial...


 

Növbədə hansıdır?

Rubl, Lirə, Rial... ABŞ Azərbaycanın 3 qonşusu – Rusiya, İran və Türkiyəyə qarşı səlib yürüşünə başlayıb, hər birini sanksiyalar hesabına iqtisadi zəmində çökdürməyə çalışır. Nəticədə hər 3 ölkənin pul vahidləri – rubl, rial və lirə sürətlə dəyərdən düşür, qiymət artımı müşahidə olunur. Əlbəttə, ABŞ-ın siyasətində istənilən qədər yanlışlıq tapmaq olar, ancaq fakt göz qabağındadır, dolların çap maşını əlində olduğundan Vaşinqton hədəf seçdiyi ölkəni iqtisadi zəmində zəiflətmək imkanına malikdir. Tərsi mümkün deyil.

Azərbaycan Rusiya, Türkiyə və İranla geniş iqtisadi və ticarət əlaqələrinə malikdir. Azərbaycanın adı çəkilən 3 dövlətdən fərqli olaraq Vaşinqtonla münasibətlərində ciddi problemləri yoxdur. Ancaq əgər 3 əsas iqtisadi tərəfdaşımızın pul vahidləri çökürsə manatı qorumaq üçün titanik əmək sərf etmək lazım gələcək. Əgər bu alınmazsa Mərkəzi Bankın arqumentini indidən təxmini belə təsəvvür edirəm: “Hər üç qonşumuzda devalvasiya müşahidə olunduğundan manatın devalvasiyası zərurəti yarandı...”

 

***

 

Görəsən türkiyəli rəsmilər içərisində “kaş ki, amerikalı rahib Türkiyədə həbs edilməyib sadəcə ölkəsinə iadə olunsaydı” sualını düşünən varmı? Çünki bu həbs və rahib üzərindəki gələcək məhkəmə qərarı Türkiyə-Amerika münasibətlərinə və Türkiyə iqtisadiyyatına baha başa gələcək. Sanksiyalar artıq lirəni sürətlə dəyərdən salır. Bəlkə də Ankarada rahib problemindən qurtulmağın yollarını arayırlar. Ancaq bu formul noyabrın əvvəlinə qədər tapılmalıdır. Çünki noyabrda Amerikada Konqresə ara seçimləridir və Tramp mövqeyini gücləndirmək üçün həmin tarixə qədər Bransonun azad olunmasına çalışır.

Branson 20 il İzmirdə yaşayıb, yerli kilsədə xidmət edib. Onun deyildiyi kimi PKK və Gülən şəbəkəsi ilə əlaqəsinə dair faktlar var və elə buna görə o həbsdədir. Ancaq ağlımda bir sual da var: Türkiyə cəmiyyətinə 2000-ci illərin ortalarında saxta “Balyoz” və “Ergenekon” nağıllarını həzm etdirərək yüzlərlə günahsız hərbçinin həbsi məgər ədalət idimi? Kimsə bu həbslərə görə həmin hərbçilərdən, o cümlədən keçmiş baş qərargah rəisi İlkər Başbuğdan üzr istədimi? Əlbəttə deyə bilərlər ki, həmin hərbçiləri Gülənə bağlı prokurorlar həbs etmişdilər ki, orduda öz adamlarının mövqelərini gücləndirsinlər. Səbəb nə olursa-olsun, həmin hərbçilər günahsız idilər, illərlə həbs həyatı yaşadıqdan sonra azad olundular. İndi hansısa amerikalı rəsmi də türkiyəli həmkarından bunu soruşa bilər: “Kim zəmanət verə bilər ki, Branson “Balyoz” və “Ergenekon” ittihamlarıyla həbs olunan günahsız hərbçilərdən fəqlidir?”

 





08.08.2018    çap et  çap et