Vaxt.Az

İrana qarşı sanksiyalar ölkəyə nə edə bilər?


 

Əvvəlki illərlə müqayisədə budəfəki etirazlara xırda məmurları da qoşulub

İrana qarşı sanksiyalar ölkəyə nə edə bilər? ABŞ Prezidenti Donald Trampın İranla bağlı imzaladığı yeni sanksiyalar sənədi bu həftədən etibarən qüvvəyə mindi. Sənədin rəsmi şəkildə imzalanmasından bir müddət öncə rəsmi Vaşinqton 2015-ci ildə İranla imzalanan “nüvə razılaşmasına” xitam verdiyini açıqladı.

Təbii olaraq, belə bir qərar Tehranda çox ciddi narazılıqla qarşılandı. Bundan əlavə Donald Tramp İranı cəzalandırmaq məqsədilə bu ölkənin beynəlxalq neft ixracına və sənaye məhsullarının ixracına məhdudiyyətin tətbiq edilməsi barədə göstəriş verdi.

Lakin sanksiyaların qüvvəyə minməsindən öncə artıq İranın bir sıra iri şəhərlərində böyük etiraz dalğası qalxmışdı.

Bir neçə gün öncə isə etiraz dalğası paytaxt Tehranın küçələrinə də yayıldı. Etiraz yürüşlərində iştirak edən gənc iranlılar dini idarəetməni istəmədiklərini və iqtisadi durumun çox bərbad vəziyyətdə olduğunu dilə gətirirlər.

Uzun illər geosiyasi düşmənçilik vəziyyətində olan İran - ABŞ arasındakı siyasi gərginlik Donald Trampın prezident seçilməsindən sonra daha da gərginləşib. Bu gərginliyin əsas səbəbi Vaşinqtonun və onun müttəfiqləri olan ərəb ölkələrinin İranın Şərq regionunda artan siyasi-hərbi nüfuzudur.

Yəmən, İraq, Livan, Suriya, Bəhreyn kimi ölkələrdə Şiə müsəlmanların artan fəallığı körfəz monarxiyalarını olduqca narahat edir. Yeni qəbul edilən sanksiyalar 2015-ci il ilə müqayisədə özündə daha ağır şərtləri ehtiva edir.

Bu sənədə görə İran özünün “nüvə silahı” arzusundan birdəfəlik əl çəkməli və adı çəkilən ölkələrdə fəaliyyət göstərən Şiə icmalarına verdiyi siyasi-hərbi dəstəyə son verməlidir.

Aprel ayından davam edən inflyasiya prosesi son 2 ayda rekord həddə çatıb. Nəticədə ölkənin milli valyutası sürətlə dəyər itirərək iri şəhərlərdə xaotik etiraz yürüşlərinə səbəb olub.

Ölkə daxilində böhranı dərinləşdirən digər əsas səbəb neft sektoruna tətbiq edilən embarqo ilə sıx bağlıdır. Yeni embarqoya əsasən İranın dünya neft bazarına ixracına məhdudiyyətlər tətbiq edilir.

Bu da öz növbəsində İranın Qərb ölkələrindəki enerji bazarlarına çıxışını çətinləşdirir. İndiki mərhələdə İranın bu problemi həll etmək imkanı var.

İranın dövlət neft şirkətinin adı sanksiya siyahısına salındığı üçün rəsmi Tehran müxtəlif yerli və xarici özəl şirkətlər vasitəsilə neftini dünya bazarına çıxaracaq.

ABŞ-dan fərqli olaraq Avropa İttifaqı bu sanksiyalara qoşulmayıb və Avropadakı şirkətlərə İranla ticarətdə heç bir maneçilik törətmək niyyətində olmadığını bildirib.

Həmçinin sanksiyalara baxmayaraq, İran öz neftini Hindistan, Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələrə satmağa davam edəcək. Bu ölkələr, xüsusən də Çin ABŞ-ın iradlarına baxmayaraq İranla ticarət əlaqələrini davam etdirəcəklər.

İlkin tədbir olaraq yerli hökumət valyuta böhranının qarşısını almaq məqsədi ilə xarici valyutanın verilməsi və dəyişmə kursu ilə bağlı limit tətbiq edib. Hər bir İran vətəndaşına 10.000 ABŞ dollarına qədər xarici valyuta almaq imkanı verilib.

Prezident Həsən Ruhani və onun administrasiyası özünü ölkədə baş alıb gedən böhranla effektiv mübarizə aparmağa qadir olduğuna inanır.

Effektiv mübarizənin bir parçası kimi İran hökuməti “dollardan imtina” siyasəti yürüdəcəyini elan edib. İyul ayından etibarən bütün dövlət və qeyri-dövlət qurumlarına beynəlxalq trans-aksiyaları dollar əvəzinə avro valyutası ilə aparmaq barədə göstəriş verilib.

Lakin bu da etiraz edən xalq kütləsini sakitləşdirmək üçün kifayət olmayıb. Bu gün İranda davam edən etiraz dalğası və etiraçıların tərkibi 2009-cu ildə baş verən “Yaşıl inqilab”dan kəskin fərqlənir.

İndiki etirazçılar arasında orta təbəqə nümayəndələrindən daha çox şəhər təbəqəsinin nümayəndələri olan xırda məmurlar, dövlət qurumlarnın əməkdaşları - bir sözlə İrandakı siyasi hakimiyyətin əsas dəstəkçi kütləsi iştirak edir.

Etirazların hələ nə qədər davam edəcəyi və yerli hökumətin buna hansı reaksiyanı verəcəyini demək çətin olsa da görünən odur ki, ölkə daxilində hakimiyyətin sadə xalq kütləsinə olan təsir mexanizmləri öz effektivliyini əvvəlki kimi göstərə bilmir.

Bunun nəticəsidir ki, əvvəllər xırda əyalətlərdə baş verən etiraz dalğaları artıq Tehran, Şiraz, İsfahan kimi iri şəhərləri öz cənginə alıb.

 





09.08.2018    çap et  çap et