Vaxt.Az

Cənub-Qaz Dəhlizi sanksiyalardan yan keçdi


 

Azərbaycanın layihəsi ABŞ üçün İrana qarşı mübarizədən vacibdir

Cənub-Qaz Dəhlizi sanksiyalardan yan keçdi Ötən gün avqustun 7-də ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların yenidən qüvvəyə mindiyi barədə fərman imzalayıb. Fərmana əsasən sanksiyaların birinci mərhələsində İranın beynəlxalq valyuta bazarlarına çıxışı məhdudlaşdırılır, habelə bu ölkənin qızıl və digər qiymətli metallarla ticarət aparmasına məhdudiyyətlər qoyulur. Sanksiyaların ikinci mərhələsi isə noyabrda qüvvəyə minir və həmin mərhələdə İrandan neft idxalına qadağa qoyulacaq, habelə İranla ortaq layihələrdə işləyən enerji şirkətləri sanksiyaların təsiri altına düşəcək.

Bu isə o deməkdir ki, sanksiyalar Xəzərdə Azərbaycanın “Şahdəniz-2” yatağında İranın NİOC şirkəti ilə ortaq şəkildə hasilat həyata keçirən BP şirkətini, o cümlədən Azərbaycanın özünü də vura bilərdi. Lakin virtualaz.org xəbər verir ki, müstəsna hal kimi “Şahdəniz” layihəsi və Cənub Qaz Dəhlizi ABŞ-ın İrana qarşı sanksiyalarının təsirindən azad edilir.

“S&P Global” bildirir ki, Cənub Qaz Dəhlizinin və “Şahdəniz” yatağının ABŞ-ın sanksiyalarından kənarda qalacağı prezident Donald Trampın ötən gün imzaladığı fərmanda əksini tapıb. Hərçənd fərmanda konkret olaraq bu layihələrin adı çəkilmir.

Məlumatda deyilir ki, BP ABŞ hökumətinə Azərbaycanın “Şahdəniz” yatağının işlənməsi layihəsinin sanksiyalardan kənarda saxlanılması üçün müraciət edib. İranın NİOC şirkəti bu konsorsiumda 10 faizlik paya malikdir və bu da potensial olaraq ABŞ-ın İranın neft sektoruna tətbiq etdiyi sanksiyaların təsiri altına düşə bilərdi.

Lakin Trampın fərmanında Cənub Qaz Dəhlizinə işarə ilə bildirilir ki, “təbii qaz layihəsi istisnadır”. Və ardınca fərmanda 2012-ci ildə qəbul edilmiş Akta istinad edilir. Həmin Aktda “Azərbaycanda qaz hasilatının,  Türkiyəyə və Avropaya təbii qazın nəqlinin sanksiyalardan azad edilməsi” nəzərdə tutulur. Bu qanuna əsasən Cənub Qaz Dəhlizi Avropanın Rusiyadan energetika asılılığını azaltmağa xidmət etdiyi üçün istisna təşkil edir.

Sayt bildirir ki, “Şahdəniz” sanksiyalardan kənarda qalsa da BP-nin Şimal dənizində İran Milli Neft Şirkəti ilə birlikdə hasilat apardığı “Rhum” qaz yatağı ilə bağlı xahişinə Trampın fərmanında heç bir aydınlıq gətirilmir. Ağ Ev də “Rhum” yatağı barədə məsələni şərh etməkdən imtina edib.

 





09.08.2018    çap et  çap et