Vaxt.Az

Kamran Quliyevin pərgarlığı...


 

... yaxud “Neftçi” şirə çevriləcək

Kamran Quliyevin pərgarlığı... “Topaz” Premyer Liqasında 2018/2019 mövsümünə avqustun 10-da start verilməli idi. Turun oyunlarının üç gün ərzində keçirilməsi planlaşdırılırdı. Ancaq “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə keçiriləcək cavab qarşılaşmasına yaxşı hazırlaşmaq üçün “Zirə” ilə oyunun təxirə salınmasını xahiş etdi. “Zirə”nin razılığından sonra çempionatın və turun açılış oyunu təxirə salındı. Beləliklə, yeni mövsümə avqustun 11-də “Sumqayıt” - “Neftçi” oyunu ilə start veriləcək.

Yeni mövsümdən nə gözləmək olar? “Qəbələ”nin nəzərçarpacaq dərəcədə zəifləməsindən sonra əminliklə söyləmək olar ki, bu mövsümdə də “Qarabağ”a sinə gərəcək komanda olmayacaq. “Köhlən atlar” istisna olmaq şərtilə, digər komandaların gücü demək olar ki, bərabərdir. Avrokubok qarşılaşmaları da sübut etdi ki, Azərbaycan klublarının səviyyəsi olduqca aşağı düşüb. Hətta o qədər aşağı düşüb ki, Malta və Lüksemburq klubları da Azərbaycan komandalarını çox rahatlıqla mübarizədən kənarlaşdıra bilirlər.

 

Süleymanovun ehtiyatlı olması nəyə yaraya bilər ki?

 

Deməli, əminliklə söyləyə bilərik: bizi maraqlı və rəqabətli çempionat gözləmir. Amma güman ki, pərdəarxası oyunlar xeyli artacaq. Bir halda ki, əksər komandalar AFFA-nın nəzarətindədir, onda intriqalardan, çirkli oyunlardan xali olmamalıdır çempionatımız. Elə ilk turda - “Sumqayıt” - “Neftçi” oyununda bunun şahidi ola bilərik. Avropa Liqasından rüsvayçılıqla qovulan “neftçilər” ilk turda “qardaş”ı ilə üz-üzə gələcək. Bakı komandasının bu oyunda “qələbə qazanmaq” ehtimalı yüksəkdir. Niyə də olmasın? “Neftçi” AFFA-nın ən əziz “övlad”ı, “böyük qardaş” deyilmi? Klubun prezidenti Kamran Quliyev də bu cür işlərdə pərgardır. Baxmayın “Neftçi”nin Avropa Liqasında rüsvay olmasına, bu komanda ölkə çempionatında şirə dönəcək.

“Kimyaçılar”ın baş məşqçisi Nazim Süleymanov çox ehtiyatlı olmalıdır. Amma bu ehtiyatlılıq nəyə yaraya bilər ki? Çünki “Neftçi”yə oyunu təkcə futbolçular yox, elə “Sumqayıt”ın rəhbərliyi də “sata” bilər. Niyə də satmasınlar ki? Aşağı-yuxarı, eyni xislətə sahib insanlardırlar və həmişə də birgə fəaliyyət göstəriblər. İnanmırıq ki, Nazim Süleymanov onların “oyunlar”ının qarşısını almaq iqtidarında olsun. Beləliklə, “oyunlar”ın bol olacağı mövsümünüz mübarəkdir!

Statistika nə deyir?

“Sumqayıt” 5 oyundur meydanı qolsuz tərk etməyib. “Neftçi” səfərdəki son 5 qarşılaşmada xal qazanmayıb.

Sumqayıt - Neftçi: 24 oyun, 9 qələbə, 3 heç-heçə, 12 məğlubiyyət, top fərqi 30-39.

 

“Qəbələ”ni özünə nə gətirə bilər?

 

Avqustun 12-də meydana əvvəlcə “Qəbələ” ilə “Səbail” çıxacaq. “Qəbələ”də durumun istənilən səviyyədə olmadığı bəllidir. Həm futbolçular, məşqçilər korpusu, həm də klub rəhbərliyi hələ də Avroliqadakı uğursuzluğun şokundan ayıla bilməyib. Üstəlik, “Qəbələ”də maliyyə sarıdan da sıxıntıların olduğu deyilir. Təsadüfi deyil ki, klub rəhbərliyi əvəzedicilərin birinci divizionda mübarizə aparmasından imtina etdi.

“Qəbələ”ni məhz ilk turda qazanılacaq qələbə özünə gətirə bilər. Bu oyunda məğlubiyyət alınarsa, komanda daxilində elə bir ruh düşkünlüyü yaranar ki, onu ümumiyyətlə, aradan qaldırmaq mümkün olmaz. İndi qalır bu təhlükənin ciddiliyini futbolçuların da anlaması.

Statistika nə deyir?

Hər iki komanda bütün oyunlarda qol sevinci yaşayıb. “Səbail” son iki matçda uduzmayıb.

Qəbələ - Səbail: 4 oyun, 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi 8-5.

Müşküldür, müşküldür, müşküldür!

Günün və turun son oyununda “Keşlə” “Sabah”la qarşılaşacaq. “Keşlə”də vəziyyət aydındır. Bu komanda özünü diktator hesab edən (klub prezidenti Zaur Axundov) bir nəfərin oyuncağına çevrilib artıq. Kimi istəyir qovur, kimi istəyir ləkələyir. Komanda daxilindəki belə mühitdə hansı ab-havadan danışmaq olar ki? Qaldı “Sabah”… AFFA-nın çempionata pərçim etdiyi və maliyyələşdirəcəyi bu komandanın komanda yox, “Keşlə” kimi “oyuncaq” olduğu elə ilk turdan seziləcəkmi? Görəcəyik. Hadisələri qabaqlayaraq onu deyə bilərik ki, bir komanda AFFA-dan maliyyələşəcəksə və rəhbərliyində də AFFA-nın “adamlar”ı olacaqsa, onun komanda olması müşküldür, müşküldür, müşküldür!

Statistika nə deyir?

Bu komandalar indiyə qədər qarşılaşmayıblar.

 





11.08.2018    çap et  çap et