Vaxt.Az

“24 min qazancım var”


 

Taxıl yığımı pis getmir, kartofçuluqda vəziyyət isə…

“24 min qazancım var” Yazın ilk ayından başlayan və aylardır davam edən aramsız yağışlar, dolu, sel, daşqın bölgələrdə əkin sahələrinə ciddi ziyan vurdu, üstəlik gəmiricilər, Mərakeş çəyirtkəsi, kartof güvəsi kimi zərərvericilərin yayılması kəndli-fermerləri çıxılmaz vəziyyətdə qoydu. Təbii ki, hava şəraiti məhsuldarlığa təsir etdiyindən istehsalla bağlı gözləntilərin doğrulacağı da şübhəli qaldı.

Virtualaz.org saytı qeyri-sabit keçən havalar kontekstində ölkədə taxıl, xüsusilə ərzaqlıq buğda, eləcə də ikinci çörək hesab olunan kartof istehsalı ilə bağlı vəziyyəti öyrənib. Bəlli olub ki, taxıl yığımı elə də pis getmir,  biçininin başlandığı vaxtdan indiyədək 3 milyon, 17 min 289 ton taxıl yığılıb. Yığım davam etdiyindən rəqəmlər hər gün dəyişir.

Kənd Təsərrüfatı Nazirliyindən virtualaz.org-un sorğusuna cavab olaraq bildiriblər ki, builki mövsümdə 226 min 365 tondan artıq buğda¸ 124570 tondan artıq arpa yığılıb.“İyunun əvvəlindən taxıl biçininə başlanılıb və artıq bəzi bölgələrdə məhsul yığımı başa çatıb.  Ötən illə müqayisədə məhsuldarlıq buğda üzrə 112,5 faiz, arpa üzrə isə 115,3 faiz təşkil edib”, -nazirlikdən deyiblər.

Builki mövsümdə 672516 hektar sahədə buğda (2017-ci ildə 590162 hektar idi), 336049 hektar sahədə arpa biçini (2017-ci ildə 317693 hektar) aparılıb. Bu il orta hesabla hər hektardan 30,2 sentner buğda (ötən il 30,6 sentner) və 27,9 sentner arpa (ötən il 25,6 sentner) yığılıb. Nazirlikdən əlavə ediblər ki, əsas hədəf ölkənin özünü ərzaq buğdası ilə tam təchiz etməsinə nail olmaqdır. Yığılan məhsulun 2,031,654 tonu buğda, 937,090 tonu arpadır. Bu da ötən ilin göstəricisindən çoxdur.

 

“Sentyabrı gözləyirik ki…”

 

Kartofçuluq sahəsində məhsuldarlığa gəldikdə isə bu sahədə vəziyyət hələ birmənalı deyil. Bir neçə gündən sonra ölkənin əsas kartofçuluq rayonlarında məhsul yığımına başlanılacaq. Amma kəndlilər və fermerlər deyirlər ki, xüsusən Gədəbəy, Daşkəsən rayonlarında yaz aylarında, yayın əvvəllərində aramsız yağışlara görə kartof sahələrini xəstəlik vurub. Nəticədə kartof kolları hələ çiçək açmağa imkan tapmadan qurumağa başlayıb. Dərmanlama da kömək etməyib.

Gədəbəy rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Asif Nağıyev deyir ki, builki mövsümdə  Gədəbəydə 11 min 810 hektar sahədə kartof əkilib. Amma hələlik məhsuldarlıqla bağlı proqnoz söyləmək tezdir, ən yaxşı halda yaxın 4-5 gündən sonra istehsalla bağlı fikir söyləmək olar. Lakin istənilən halda  gözlənilir ki, məhsul ötən ilin göstəricisindən çox olacaq. Çünki ötən il quraqlıq idi və suvarılmayan sahələrdə məhsuldarlıq az olmuşdu.

Ötən il quraqlıq səbəbindən Gədəbəydə 227 min 240 ton kartof yığılıb. Bu il hava şəraiti əlverişli hesab edilir. İdarə müdirinin sözlərinə görə, fermerlər əsasən “Telman”, “Qəzənfər”, “Karoleva Anna”sortuna üstünlük verirlər, çünki bu sortlarda məhsuldarlıq yüksək olur. O ki qaldı zərərvericilərlə mübarizəyə,  gəmiricilər bir neçə kənddə sahələrə ziyan vurub, ümumilikdə bütün əkin sahələri zərər çəkməyib: “Kartof əkini üçün zərərvericilərə qarşı kimyəvi dərmanlar dövlət tərəfindən verilmir, fermerlər özləri alırlar. Amma mübarizə tədbirləri ilə bağlı məsləhətlər veririk, nəzarət edirik”.

 

8 hektar sahədən 24 min qazanc

 

Gədəbəyli fermer Fərman Abdullayev isə deyib ki, bu il 8 hektar sahədə kartof əkib, hər hektardan azı 3 min manat qazanc götürəcəyini düşünür. “Ötən il quraqlıq keçdi, məhsuldarlıq yüksək olmadı. Gədəbəydə əlavə suvarma sistemi olmadığından məhsul bolluğu birbaşa hava şəraiti ilə bağlıdır, hava isə hələlik əlverişlidir.”, - fermer əlavə edib.

Abdullayevin sözlərinə görə, əsasən toxum, becərmə, nəqliyyat, işçi maaşı və digər xərcləri, yəni maya dəyərini çıxandan sonra məhsuldarlıq yüksək olarsa  24- 25 min manata yaxın gəlir götürəcəyinə ümid edir.

Amma sahələrdə bol məhsulun yetişməsi hələ kəndlinin ümid etdiyi bu sanballı qazanca qarantiya vermir. Gərək satış da yaxşı gedə. Çünki ötən illərdə qışın ortalarından başlayaraq bazarlarda kartofun kəskin ucuzlaşması və nəticədə fermerlərin, kəndlilərin anbarlarda saxlayıb daha yaxşı qiymətə satmağa ümid etdikləri məhsulun çürüməsi halları dəfələrlə baş verib...

 





15.08.2018    çap et  çap et