Vaxt.Az

Uzun məktub …


 

“Surəti göydəki o gözəgörünməz Allaha!”

Uzun məktub … ...Sağdakı şəkildəki binada bir sürücü yaşayırdı. O, 1991-ci ildə - mən “Qarabağ” qəzetində çalışanda (Dağlıq Qarabağ Muxtar Vilayəti və Ermənistanla həmsərhəd rayonlar üzrə xüsusi müxbir) redaksiyamıza bir şikayət məktubu yazmışdı. Məktub-ərizə Azərbaycan Respublikasının prezidentindən başlayaraq (BMT də daxil olmaqla) 300 ünvana yazılmışdı. Sonuncu belə göstərilmişdi: “300. Surəti göydəki o gözəgörünməz Allaha!”Sürücü yazırdı ki, 12 nəfərdən ibarət olan ailəm Vəzirov küçəsindəki (şəkildəki) binada 2 otaqlı mənzildə yaşayır (qeyd edim ki, o vaxtın otaqlarının sahəsi də təxminən 9-10 kv. metr, yaxud bir azca çox olurdu). Səhər tezdən yuxudan oyananda arvad-uşağın, oğlanlarımın, qız-gəlinin, nəvələrin (təsəvvür edin bu qədər adamın) yanında utandığımdan növbəyə durub tualetə gedə bilmirəm. Ona görə də əl-üzümü yumamış, ac qarına çıxıb gedirəm işlədiyim avtobazaya, orada tualet ehtiyacımı ödəyirəm, amma ac qalıram...

Sürücü bildirirdi ki, pul (rüşvət) vermək imkanı olmadığına görə ona torpaq sahəsi verilmir ki, bir balaca daxma düzəldib ailəsinin yarısını ora köçürsün.

Nə isə, uzun məktub idi...

“Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılov Bakıda həmin ərizənin üstünə “Zona müxbiri Kərim Kərimliyə! Xahiş edirəm araşdırıb material hazırlayasınız!” dərkənarı yazıb Şuşaya - mənə göndərmişdi. Mən də bu məsələ ilə tam ciddi şəkildə məşğul olmağa başladım. Təxminən 1 ilə yaxın müddətdə inadla, israrla, iradə ilə çalışandan sonra həmin sürücüyə pulsuz-rüşvətsiz torpaq sahəsi verilməsinə nail oldum. Lakin təəssüf ki, çox tezliklə müharibə qızışdı və o böyük ailə başçısı, ağsaqqal sürücü orada ev tikdirə bilmədi. Yurd yerinə tökdüyü daş-kərpic, qum-sement və başqa tikinti materialları da tələf oldu, düşmənə qaldı...

İndi dostların paylaşdığı bu şəklə baxıram və düşünürəm... Qəhər məni boğur ki, düşmən gəlib Şuşanın ətəklərində dayanmışdı, amma yenə də insanların qanuni haqqını bəzi məmurlar pulsuz-rüşvətsiz vermirdi...

Bəli, Vəzirov küçəsindəki indi dağılmış şəkildə olan, böyük ailə başçısı və özünə, ailəsinə doğma torpağında ev tikmək səadətinə, haqqına qovuşa bilməyən sürücünün də yaşadığı həmin o binanın şəklini gördüm və o əhvalat yadıma düşdü...

Təəssüf!...

O gün gələcəkmi?...

 





01.09.2018    çap et  çap et