Vaxt.Az

“Google”da taparsan...


 

Axtar-axtar tapmasan, 20 yaşlı ...

“Google”da taparsan... Bu gün “Google”un özəl şirkət qismində rəsmi qeydiyyatdan keçməsinin 20 ili tamam olub. Bu müddətdə “Google” kiçik firmadan bir çox texnoloji sahələrlə məşğul olan transmilli korporasiyaya qədər inkişaf yolu keçib. Lakin şirkətin ad günü ilə bağlı indi də mübahisələr var.

“Google” axtarış sisteminin tarixi 1996-cı ildən – Stenford Universitetində (Kaliforniya ştatı, ABŞ) təhsil alan Larri Peyc və Sergey Brinin internet-axtarış sisteminə dair öz elmi tədqiqat layihələrini işə saldığı vaxtdan başlanıb. Onlar yeni sistemi “BackRub” adlandırıblar, lakin sonra buna “Google” adı verilib. “Google” onluq say sistemində vahid (1) və 100 sıfır ilə təsvir edilən ədəd deməkdir. Bu isə “Google” sisteminin sonsuz imkanlarına işarədir.

Şirkətin domen adı 1997-ci il sentyabrın 15-də qeydiyyatdan keçib. Mütəxəssislərin çoxu şirkətin tarixinin onun özəl müəssisə kimi qeydiyyata düşdüyü vaxtdan – yəni 1998-ci il sentyabrın 4-dən hesablanmasının tərəfdarıdır. Lakin şirkətin özündə bu məsələyə başqa cür yanaşılır. Korporasiyanın rəsmi saytında qeyd edilir ki, “Google”un ad günü 27 sentyabra təsadüf edir, lakin bu tarixin seçilmə səbəbi göstərilmir. “The New York Times” isə yazır ki, şirkət 2006-cı ildən başlayaraq ad gününü məhz bu tarixdə qeyd edir. Hətta 2013-cü ildə şirkət öz bloqunda etiraf edib ki, əməkdaşlar onun rəsmi ad gününün vaxtını dəqiq bilmir.

“Google”da yaranış tarixi ilə bağlı fikir ayrılığı və qeyri-dəqiqlik olsa da, bu gün onun dünyanın ən populyar internet axtarış sistemi olduğu şəksizdir.

“Google” ABŞ-ın hökumət dairələri ilə əməkdaşlıq etsə də, tez-tez tənqid olunur. Məsələn, ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun haqqında xəbərlər axtarışında “Google” ilk növbədə “yalançı KİV-lərin xəbərlərini” önə çəkir. Şirkətdə isə bu fikir təkzib edilib, xəbərlərin təsnifatının siyasi motivlərlə bağlı olmadığı vurğulanıb. Qeyd olunub ki, “Google”da axtarış sistemini işləyib hazırlayanlar daim bunun daha da yaxşılaşdırılması üzərində çalışır və cəmiyyətdə siyasi əhval-ruhiyyəni manipulyasiya etmək məqsədilə siyasi motivləri sıralamırlar.

 





04.09.2018    çap et  çap et