Birincisi, ABŞ sazişdən çıxdıqdan sonra Avropa Rusiya ilə üz-üzə qalacaq. Çünki ABŞ anlaşmadan çıxırsa Rusiya da anlaşmadan çıxacaq və orta - uzaq mənzilli raketlərin istehsalını gücləndirəcək. Bu isə ilk növbədə Avropa üçün təhlükə mənbəyinə çevriləcək. Belə olan halda bəzi Avropa ölkələri ABŞ-dan onları Rusiya təhlükəsindən qorumalarını istəyəcəklər. ABŞ öz raketlərini Avropa qitəsində yerləşdirməyə başlayacaq. 1980-ci illərin əvvəllərində də ABŞ “Perşinq” raketlərini köhnə qitədə yerləöşdirmişdi. Tarixin təkrarlanması ehtimalı böyükdür.
İkincisi, ABŞ Avropa ölkələri ilə yanaşı raketlərini qonşu Gürcüstanda da yerləşdirə bilər. Əlbəttə, bu Rusiyanı ciddi narahat edəcək. Ancaq Rusiya orta və uzaq mənzilli raketlərin yenidən istehsalına başladıqdan sonra qonşuluqda Moskva ilə problemləri olan ölkələr – Litva, Latviya, Estoniya, Ukrayna və Gürcüstan ABŞ-dan dəstək istəyəcəklər. ABŞ-ın Gürcüstandakı hərbi bazalarını rəsmiləşdirməsi Azərbaycanın maraqlarına uyğundur. Rusiyanın Ermənistandakı hərbi bazaları Azərbaycan üçün təhdiddir. ABŞ-ın Gürcüstandakı hərbi bazaları isə bölgədə qüvvələr nisbətində balans yaradacaq. Digər tərəfdən ABŞ-ın Gürcüstanda hərbi varlığı Azərbaycanın enerji layihələrinin təhlükəsizliyini də təmin edəcək. Onsuz da Vaşinqton Azərbaycanın bütün regional layihələrini dəstəkləyir. Elə bütün bu mövzuları müzakirə etmək üçün ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bölgədədir.