Vaxt.Az

Trampın sınaq günü


 

... Yaxud ABŞ tarixinə baxış

Trampın sınaq günü Bu gün İranda və ya başqa bir ölkədə ABŞ səfirliyinə hücum edilsə, səfirlik binası ələ keçirilsə və əməkdaşlar girov götürülsə, Vaşinqtonun reaksiyası necə olar?

Böyük ehtimalla Donald Tramp həmin ölkəni müharibə ilə hədələyər və orduya hazırlıq əmri verər. Bu, beynəlxalq hüquqa da uyğun olar. Amma 39 il əvvəl hadisələr fərqli cərəyan etdi...

Corciya qubernatoru Cimmi Karter məşhur “Watergate” skandalı və yüksək inflyasiya nəticəsində respublikaçıların nüfuzdan düşməsi fonunda 1976-cı ildə prezident seçildi. Lakin rəqib partiyanın böhran keçirməsinə baxmayaraq, demokratlar üçün seçki gözlənildiyi qədər asan olmadı, Karter 40,8 milyon (seçicilər kollegiyasında 297 səs), rəqibi Ford 39,1 milyon (240) səs topladı. Bəlkə də respublikaçılar namizəd kimi Ronald Reyqana üstünlük versələr, o seçiləcəkdi.

ABŞ tarixinin zəif prezidentlərindən sayılan Karterin komandası da zəif idi. Onlar heç Konqresin hər iki palatasında üstün olan öz partiyadaşları demokratlarla lazımi səviyyədə kommunikasiya yarada bilmədilər. İnflyasiyanı cilovlamaq mümkün olmadı, 1979-cu ildə neftin qiymətinin kəskin yüksəlməsi nəticəsində ölkə daxilində zəruri istehlak mallarının qiymətləri də artdı. FED uçot dərəcəsini 20 faizə qaldırdı. Federal Təhlükəsizlik Bürosunun (FBR) korrupsiya əleyhinə başlatdığı irimiqyaslı əməliyyat zamanı Karter və qardaşı da şübhə altına düşdülər (onların fıstıq plantasiyaları var idi), lakin xüsusi prokuror hər hansı sübut tapa bilmədi.

Xarici siyasətdə İsrail və Misir arasında əldə olunan Kemp Devid razılaşması Karterin uğuru olsa da, 4 noyabr 1979-cu ildə Tehrandakı səfirliyə hücum onun nüfuzuna sarsıdıcı zərbə vurdu. Karter girovların azad edilməsi üçün məhdud əməliyyata razılıq versə də, İrandakı səhralığa enən xüsusi təyinatlıların qum fırtınası ilə üzləşməsi və baş verən helikopter qəzasında 8 əsgərin ölümü əməliyyatın yarımçıq qalmasına səbəb oldu. Bu zəifliyi görən SSRİ 1 ay sonra Əfqanıstana qoşun yeritdi. (Müasir dövrlə paralellik qurmaq olar: Obamanın 2013-cü ildə Əsədin kimyəvi silah tətbiq etməsinə cavab verməməsindən qısa müddət sonra Putin Krımı işğal etdi.)

Xarici siyasətdəki uğursuzluq, iqtisadi çətinliklər 1980-ci il seçkilərində Karterin fiaskosu ilə nəticələndi və 43 ştatda 8,5 milyon səs fərqi ilə qalib gələn Reyqan prezident seçildi. Reyqanın andiçməsindən bir neçə dəqiqə sonra İran girovları buraxdı, onun ikinci prezidentliyinin sonlarında isə “şər imperiyası” SSRİ-nin çöküşü başladı...

 





04.11.2018    çap et  çap et