Vaxt.Az

“Gürcü Arzusu” Qərbi qane edir?!


 

Qonşudakı seçkilərə sözardı ...

“Gürcü Arzusu” Qərbi qane edir?! Gürcüstandakı seçkilərdə Bidzina İvanişvili qalib gəldi.

Müxalifətə yaxın “Rustavi – 2” telekanalının sifarişi ilə ABŞ-ın “Edison Research” şirkətinin keçirdiyi “exit-poll”un nəticələrinə əsasən Salome Zurabişvili prezident seçilib. (İqtidara yaxın İmedinin sifarişi ilə Gallup İnternationalın exit-pollu da eyni nəticəni göstərib.)

Əgər müxalifətin sifarişi ilə keçirilən sorğu iqtidar namizədinin qalib gəldiyini göstərirsə, deməli, kütləvi saxtakarlıqdan danışmaq doğru deyil. Əlbəttə, qanun pozuntuları, ən müxtəlif əyintilər kifayət qədər olub. Bunlar zatən 1-ci turda da var idi. Amma İvanişvili ilk turdakı uğursuzluqdan sonra çox ciddi işlədi, özünün bütün maddi və siyasi resurslarını, eyni zamanda inzibati resursları işə saldı və öz namizədinin lazımi miqdarda səs yığmasını təmin etdi. Gürcüstan kimi demokratiyanın oturuşmadığı, bu istiqamətdə hələ kövrək addımlar atmaqda olan bir ölkədə Avropa demokratiyaları səviyyəsində seçki gözləmək yanlışdır. Hakimiyyətdəki qüvvənin (kim olursa olsun) böyük üstünlüyü var, pul və güc mühüm amildir. İkinci tur ərəfəsində problemli kreditlərin silinməsi, maaş, müavinət artımı kimi populist addımlar öz rolunu oynadı.

Ən mühüm faktor isə məncə, Saakaşvili dönəmindən narazı olan, onun qayıtmasını istəməyən təbəqələrin hərəkətə gətirilməsi oldu. Belələrinin sayı Gürcüstanda kifayət qədər çoxdur. İqtidarın seçkini şüurlu şəkildə Saakaşvili gəlsin, gəlməsin? referendumuna çevirməsinin müxalifətin əleyhinə işləyəcəyini yazmışdım.

P. S. “Rusiya qalib gəldi” şəklində reaksiyalar görürəm, əlaqəsi yoxdur. “Gürcü Arzusu” 2012-ci ildən hakimiyyətdədir və ötən müddətdə avroatlantik inteqrasiya yönündə ciddi məsafə qət edilib. Qərb də maraqlıdır ki, radikal və impulsiv Saakaşvilinin iqtidara qayıtmasındansa, indikilər bir müddət də qalsın.

 





29.11.2018    çap et  çap et