Vaxt.Az

Müstəqilliyimizin dəyəri


 

Post-sovet ölkələri arasında Rusiyadan ən az asılı olan ölkə Azərbaycandır

Müstəqilliyimizin dəyəri 1986-cı ildə Qazaxstanın paytaxtı Almatıda dinc etiraza çıxmış minlərlə insana qarşı qoşun yeritdilər. Ölən və yaralanan oldu. O zaman televiziya, radio və mətbuat hələ azad deyildi, bu haqda xəbəri yaymadılar.

1989-cu ildə Gürcüstanın paytaxtı Tiflisdə dinc etirazçılara qarşı qoşun yeritdilər. Ölən və yaralanan oldu. Bu dəfə televiziya, radio və mətbuat bu haqda xəbərləri və şərhləri yaydı. SSRİ-də hamı bunu bildi.

1990-cu ilin yanvarın 20-də Bakıda dinc etiraza çıxmış minlərlə insanın ağlına gəlmirdi ki, Tiflisdəki hadisədən sonra Bakıya qoşun yeridə bilərlər. Bunun ağlagəlməzliyini gücləndirən yanvarın 19-u axşam Bakı televiziyası ilə canlı yayımda çıxış etmiş Yevgeniy Primakov oldu. Sov.İKP Mərkəzi Komitəsinin ideologiya katibi Primakov demişdi ki, qoşunun yeridiləcəyi haqqında şayiələrə heç kəs inanmasın, bu, yalandır, təxribatdır və s. Vətəndaşlarımız buna inanmışdı. Primakovun çıxışından təxminən 5 saat sonra Bakıya qoşun girdi və qırğın törətdi. Ölən və yaralanların sayı Almatı və Tiflis hadisələrindəkindən onlarla dəfədən çox oldu.

Sovet rəhbərliyi Bakıya qoşunların girməsini buradakı “Erməni poqromları”yla izah etmişdi. Halbuki, yanvarın 20-nə qədər hər şey bitmişdi. Üstəlik, Azərbaycan rəhbərliyi, faktiki olaraq, idarəetmədən uzaqlaşdırılmışdı, nəyəsə görə məsuliyyət daşıya bilmirdi.

Həmin dönəmdə Bakıda SSRİ Müdafiə Naziri Yazov, SSRİ Daxili İşlər Naziri Bakatin, SSRİ KQB sədri Kryuçkov, Sov.İKP Mərkəzi Komitəsinin ideologoya Katibi Primakov və Sov.İKP Mərkəzi Komitəsinin şöbə müdiri Girenko olublar. Hər şeyə onlar nəzarət edirdilər. “Erməni poqromları” olan zaman Bakı küçələrində Sovet Daxili Qoşunlarının hərbi texnikası və əsgərləri yerləşdirilmişdi, hər şey onların gözləri qarşısında baş vermişdi, amma onlar hadisələrin qarşısını almaq üçün bir iş görmədilər. Çünki onlara qarışmamaq tapşırığı verilmişdi. Poqromlar qurtarandan sonra ordu hissələri yeridildi. Ardını bilirsiniz - 20 Yanvar oldu.

20 Yanvar - müstəqilliyimiz üçün ödədiyimiz ilk yüksək qiymət oldu. Ardınca Qarabağın və ətraf rayonların işğalı gəldi. İşğal - müstəqilliyimiz üçün hələ də ödədiyimiz çox yüksək qiymətdir. Müstəqilliyimiz baha başa gəlir. Onun dəyərini bilməliyik.

20 Yanvar və Qarabağ - Rusiyanın Azərbaycanda imkanlarını, təsirini önəmli dərəcədə azaldan amillərdir. Rusiyanın özü də bununla məlum mənada hesablaşmalı olur. Nə qədər qəribə görünsə də, post-sovet ölkələri arasında Rusiyadan ən az asılı olan ölkə Azərbaycandır. Bunun da dəyərini bilməliyik!

Şəhidlərimizin xatirəsini sayğıyla anıram.

 





21.01.2019    çap et  çap et