Vaxt.Az

“2000 hesab sındırılıb”


 

Ermənistan Azərbaycan hakerlərini ittiham edir

“2000 hesab sındırılıb” Milli təhlükəsizlik üzrə mütəxəssis Samvel Martirosyan bildirib ki, Azərbaycan hakerləri təxminən 2000 erməni elektron poçt ünvanını və “Facebook” hesabı məlumatlarını, hətta telefon loqinlərinə qədər, sındırıblar.

S.Martirosyan sındırılmış ünvan və hesabların faylını paylaşıb. "Mən parolları silib, sındırılmış hesabları bu sənədlərə daxil etdim. Təsadüf prinsipi üzrə bir neçə hesabı yoxladım: giriş mümkündür. Yoxlayın (Ctrl F kombinasiyası faylda axtarmağa kömək edəcək) - əgər özünüzü tapdınızsa, təcili girin və nə qədər ki, azərbaycanlılar hesabları aparmayıblar, parolu dəyişin", - deyə ekspert öz “Facebook” səhifəsində yazıb.

O əlavə edib ki, Azərbaycan hakerləri 10 min hesabın oğurlandığını bildiriblər, amma onun məlumatlarına görə, bu rəqəm şişirdilib, çünki hesabların çox hissəsi təkrarlanır.

S.Martirosyan həmçinin sındırılmanın necə baş verdiyini izah edib: "Bu, “fişinq” hücumudur. Məsələn, bir şəxs mail.ru administrasiyası adından müəyyən məlumatların daxil edilməsini tələb edərək yanlış bir məktub yazır. Beləliklə, qurban parolu öz əlləri ilə şəxsən verir".

Bu, erməni ekspertinin Ermənistanda çox sayda hesabın sındırıldığna dair verdiyi ilk məlumat deyil.

O, 2017-ci ilin noyabrında da guya “feysbuk” istifadəçilərinin sındırılmış elektron ünvanlarını və telefon nömrələrini təqdim etmişdi.

Qeyd etmək lazımdır ki, erməni hakerləri də vaxtaşırı fəallıq göstərərək Azərbaycan istifadəçilərinə və saytlarına ziyan vururlar. 2014-cü ilin avqustunda Martirosyanın özü etiraf etmişdi ki, ermənilər haqqin.az saytını sındırıblar. Yeri gəlmişkən, o vaxt-Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin ağırlaşdığı günlərdə, haqqin.az oxuculara öz mənbələrindən əldə etdiyi məlumatlara əsaslanaraq, vaxtında və etibarlı məlumatlar verməklə Ermənistanın informasiya təxribatı cəhdlərinin qarşısını effektiv şəkildə almışdı.

Sayta gündəlik giriş 130 min unikal IP-i ötmüşdü, bununla əlaqədar olaraq erməni terror təşkilatı ASALA-nın hakerləri ona hücum təşkil etmiş və bir neçə saatlığa sıradan çıxarmışdılar.

Həmçinin erməni haker qrupunun şəbəkədə azərbaycanlılara məxsus məxfi sənədləri və pasport məlumatlarını dərc etməsi yada düşür. Bir ara açıq girişdə minə yaxın Azərbaycan pasportu qoyulmuşdu.

 





27.01.2019    çap et  çap et