Vaxt.Az

Əhmədovun alverçi təfəkkürü …


 

… və Axundovun ifşası

Əhmədovun alverçi təfəkkürü … Yox, söhbət oyun alqı-satqısından getmir. Tərlan Əhmədov oyunçu vaxtı nə qələt qarışdırıb, AZAL-da, “Neftçi”də baş məşqçi işləyəndə nə hoqqalardan çıxıb, babalı öz boynuna. Sübut edə bilməyəcəyimiz şeyi iddia da etmirik.

Əhmədovun alverçi təfəkküründən danışarkən onun son açıqlamasındakı məntiqsizliyi nəzərdə tuturam. “Keşlə”nin baş məşqçisi futbolçuları təyyarəylə başsız yola salıb, özü “daha sərfəli” avtobusla yola çıxırsa, bu kluba canıyananlıq yox, xislətin diktə etdiyi düşüncə qüsurudur. Bundan sonra onun futbolçuların yanında hörməti ola bilməz. Özünü nə qədər aşağıdan aparırsansa, o qədər də kiçik olacaqsan.

Tərlan Antalyada jurnalistlərə (sport24.az) verdiyi açıqlamada komandayla birgə deyil, avtobusla vətənə qayıtmasına izah verməyə çalışıb: “Heç bir səbəb yoxdur. Sadəcə, 4-5 nəfər məşqçi heyəti avtobusla gəlmişik. Onunla da Antalyadan bu gün qayıdacağıq. Klub 25 nəfərlik heyətlə bura gəlib. Yüklərimiz həddən artıq çox olduğuna görə avtobusla qaytarırıq. Təyyarədə baqaj həddən artıq bahadı. Orda ödənilməli olan 30 minə yaxın vəsaitdənsə, belə daha məqsədəuyğundu. Köməkçilərim avtobusla gedirlərsə, onları tək göndərə bilmərəm. Heç bir aerofobiyam yoxdu. Sadəcə, köməkçilərimdən ayrı təyyarəylə qayıtmağı qəbul edə bilməzdim. Ona görə rəhbərlikdən xahiş etdim ki, köməkçilərim, texniki heyət avtobusla gedirsə, onların yanında getməliyəm. Əzabı çəkirlərsə, bu, mən başda olmaqla çəkilməldir. Bunu tək edə bilməzdilər”.

Gözləriniz yaşarmasın, bu, insanlıq jesti deyil, idarəçilikdəki bacarıqsızlığın nümunəsidir. Baş məşqçi futbolçularının başında olmalı, avtobusla qayıdan inzibati heyətə də hansısa klub rəsmisi rəhbərlik etməliydi. İşin, peşəkarlığın qaydası budur. 30 min manata qənaət etmək lazımdı, lakin bunun üçün baş məşqçinin futbolçulardan ayrı düşməsi ayıbdır.

Əhmədovun bu qənaətcilliyi harada öyrənməsi də maraqlıdır. Komandaya heç bir fayda verməyən Andre Klennonun iki aylıq maaşı bu xərci bağlamağa imkan verir. Heç bir xeyri olmayan belə oyunçuları saxlamaqdansa, onları göndərib daha böyük işlər görmək olar. Elə Tərlanın istəyi ilə gələn yeni əcnəbilər də eyni gündədir.

Həm də bu, həmin Tərlandı ki, “Neftçi”də hərəsi 15-20 min dollar maaş alan 3 futbolçunu aldırıb ehtiyatda oturtmuşdu. O klubun pulu pul deyildimi? Hələ yanına salıb apardıqlarını, xərcini kluba ödətdirdiyi “qonaqlarını” demirik. O zaman qənaət zamanı deyildi, yoxsa “Neftçi”nin pulu havadan gəlirdi?

Tərlanın belə danışmasının səbəbi var. O, həm özünü canıyanan kimi göstərib, xal qazanmağa cəhd edir, həm də klubun rəhbəri Zaur Axundovu ifşa edir. Əhmədov çətin şəraitdə işlədiyini göstərməyə çalışır ki, sabah nəticələri düzəldə bilməyəndə də əlində bəhanəsi olsun. Bu, birbaşa baş məşqçisinin qayğısına qala bilməyən Axundova – Müşahidə Şurasının sədrinə arxadan zərbə, çəpəki sillədir. “Keşlə”ni həvəskar klub kimi nişan verir...

Bildiyimizə görə, “Keşlə” Antalyaya gedəndə də eyni marşrut, eyni sərnişinlər seçilib. Amma bugünədək xəbər mətbuata çıxmamışdı. Və Əhmədov özü açıqlama verməklə Axundovun yarıtmaz klub idarəçiliyini ifşa etdi. Sədrin nüfuzuna necə zərbə vurduğunun fərqində olmalıdır...

Əhmədov həmişə belə işləyib. Özünü sadə göstərməyə çalışıb, amma əslində, alverçi təfəkkürünü büruzə verib. Yalançı qəhrəman yenə iş başındadı və autsayder imicindən qurtula bilməyəcəyini anladığından diqqəti klubda üzləşdiyi problemlərə yönəldir. Sabahın sığortası üçün...

 





27.01.2019    çap et  çap et