Vaxt.Az

Sən bizimsən, bizimsən ...


 

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 135 il ötür

Sən bizimsən, bizimsən ... Bu gün Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

M.Ə.Rəsulzadənin anadan olmasından 135 il ötür.

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyub, buranı bitirdikdən sonra o, öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib.

M.Ə.Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə 18 yaşlı Məhəmməd Əmin özünün ilk siyasi təşkilatı olan “Müsəlman Gənclik Təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

Bir müddət sonra o, siyasi fəaliyyətini genişləndirərək, “Hümmət” sosial-demokrat təşkilatının yaradıcılarından birinə çevrilir. Siyasi fəaliyyətinə görə 25 yaşında vətəndən ayrılmaq məcburiyyətində qalır. 1909-cu ildə İrana mühacirət edən M.Ə.Rəsulzadə bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışır, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edir. O, mühacirətdə olsa da, 1911-ci ildə Müsavat Partiyasının yaradılmasında fəal iştirak edir. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar elan olunan amnistiyadan yararlanan M.Ə.Rəsulzadə vətənə qayıdır və Müsavat Partiyasının 1917-ci ilin oktyabrında Bakıda keçirilən birinci qurultayında Mərkəzi Komitənin sədri seçilir.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilir. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi daxili çəkişmələr nəticəsində dağılır. Həmin ayın 27-də Seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şürası yaranır. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilir.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunması xəbərini dünyaya yayır. Bu, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti idi. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətini qurduğunu tam şəkildə bəyan edirdi.

Qısa ömür sürən bu dövlətin müstəqilliyinə 1920-ci ilin 27 aprelində Sovet Rusiyası son qoyur. Bir müddət gizli fəaliyyətə keçən M.Ə.Rəsulzadə az sonra Lahıc qəsəbəsində həbs olunur və Stalinin göstərişi ilə Moskvaya aparılır. 1922-ci ildə isə M.Ə.Rəsulzadə elmi ezamiyyət adı ilə getdiyi Sankt-Peterburq şəhərindən Fin körfəzi vasitəsilə Finlandiyaya keçir və SSRİ sərhədlərini həmişəlik tərk edir.

Bir neçə il Türkiyədə yaşadıqdan sonra SSRİ rəhbərliyinin tələbi ilə oradan ayrılmalı olur. 1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır. Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirir, Polşada Azərbaycan milli nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir. 1934-cü ildə Ə.Topçubaşov Parisdə vəfat edəndən sonra mühacirət həyatının ağır şərtlərinə baxmayaraq, M.Ə.Rəsulzadə bütün mühacirləri bir araya gətirmək istiqamətində çalışır, hamını Azərbaycanın müstəqilliyi probleminin həlli üçün mücadiləyə çağırır.

İkinci Dünya müharibəsi dövründə M.Ə.Rəsulzadə almanlarla danışıqlar apararaq, minlərlə əsir düşmüş azərbaycanlı həmvətənini xilas edir. 1943-cü ilin avqustunda isə Almaniyanın Azərbaycanın müstəqilliyinə və ayrı-ayrı xalqların azadlığına sayğı göstərmədiyinə əmin olaraq, bu ölkədən uzaqlaşır. Müharibədən sonra bir müddət Almaniyanın ABŞ-ın nəzarətində olan hissəsində yaşayır, 1948-ci ildə isə Türkiyəyə qayıdır.

1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirir. 1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə “Azərbaycan” jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, ABŞ başda olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü “soyuq müharibə” proqramına dəstək verir, “Amerikanın səsi” və “Azadlıq” radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.

M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edir, “Əsri” məzarlığında dəfn edilir.

1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.

 





31.01.2019    çap et  çap et