Vaxt.Az

Karasin İrəvanda nə deyibsə…


 

Rusiya XİN rəsmisi rəisinin ağzıyla danışıb

Karasin İrəvanda nə deyibsə… ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İlham Əliyevlə telefonda danışdığı saatlarda Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin İrəvanda idi, Ermənistanın xarici işlər naziri ilə görüş keçirirdi. Maraqlı kombinasıyadır. Karasin Rusiyanın məşhur diplomatı Aleksandr Qriboyedovun ölümünün 190 illiyi ilə bağlı İrəvanda büstünün açılması mərasiminə qatılmışdı.

Fürsətdən istifadə edən Karasin Qarabağla bağlı da maraqlı açıqlamalar verib.

Birincisi, Karasin deyib ki, Moskva Ermənistanla Azərbaycan arasında müxtəlif səviyyələrdə rəsmi görüşləri dəstəkləyir. Ancaq önəmli əlavəsini də unutmayıb: “Görüşlər yaxşı təşkil olunmalıdır ki, nəticə olsun və bizi irəli aparsın”. Yəqin demək istəyib ki, Rusiyadan fərqli olaraq digər dövlətlərin təşkil etdiyi görüşlərdə nəticə olmur. Halbuki, illərdir münaqişənin həlli prosesi ilə daha çox Moskva məşğul olur və görüşlərin çoxu Rusiya ərazisində keçirilir. Bəs belə isə məsələyə Karasinin məntiqi ilə yanaşsaq Rusiyadakı görüşlərdə niyə nəticə yoxdur?

İkincisi, Karasin deyib ki, Moskva atəşkəsə riayət olunmasından məmnundur: “Elə etmək lazımdır ki, güc ssenariləri istisna olunsun”. Karasinin kimin ünvanına daş atdığı bəllidir. Güc ssenarisi haqqında ancaq bir tərəf – Azərbaycan danışır, haqqımızdır, çünki işğalçı status-kvonu davam etdirir.

Üçüncüsü, erməni jurnalistlərdən birinin “bu il münaqişənin həllində irəriləyiş ola bilərmi” sualına Karasin belə cavab verib: “Danışıqları sakit şəraitdə davam etdirmək lazımdır”. Yəni Karasin demək istəyib ki, hadisələri qabaqlamaq lazım deyil.

Beləliklə, rusiyalı yüksək rütbəli diplomat Qriroqiy Karasin İrəvanda nə deyibsə hamısı işğalçının xeyrinədir. Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib ki, sülh əvəzinə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaq.

 





31.01.2019    çap et  çap et