Vaxt.Az

Qarabağ düyünü


 

Sülh ermənilərlə dostluq, qardaşlıqdırmı?

Qarabağ düyünü Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşündən sonra verdikləri bəyanat qəribə əks-səda doğurdu. Birmənalı deyə bilərəm ki, paradoksal olsa da, bu bəyanatlar pozitiv yox, neqativ reaksiya doğurdu.

Bu bəyanatların səmimiliyi, bunun üçün hansı addımların atılması və əslində atılmaması başqa mövzudur. İndi isə SÜLH sözünün doğurduğu reaksiya barədə.

Çoxları “sülh” sözünü “dostluq”, “qardaşlıq” kimi yozur. Amma bir az tələsməyin, dostlar...

Bəziləri bu sözün arzuolunmaz olduğunu əsaslandırmaq üçün minlərlə şəhidimizi, qazımızı yada salır.

Dostlar, sülh ona görə lazımdır ki, bir daha analar övladlarının şəhid xəbərini almasın, vətənin genefondu oğullar əlil olmasın.

Sülh ermənilərlə dost, qardaş olmaq demək deyil. Sülh bundan sonra ermənilərlə necə yaşayacağımızın müəyyənləşməsi deməkdir.

Bəs biz bundan sonra ermənilərlə necə yaşayacağımızı müəyyənləşdirmişikmi?

Yox!

Biz problemi həll edək deyəndə nəyi nəzərdə tutduğumuzu müəyyənləşdirmişikmi?

Yox!

Biz heç nə barədə fikirləşmirik, heç nə etmirik və tələb edirik ki, münaqişə həll olsun.

Dostlar, belə olmayacaq.

Biz Qarabağda ermənilərə qarşı etnik təmizləmə apara bilməyəcəyik. Bunu unutmayın. Deməli, ermənilərlə yanaşı yaşamalı olacağıq. Bu yanaşı yaşamanın müəyyən şərtləri var. Buna hazırıqmı?

Hesab edirəm ki, hazır deyilik!

Hazırsınızmı Azərbaycan parlamentində erməni deputatı görməyə?

Mən də Sizin kimi Qarabağa qayıtmaq istəyirəm. Bunun yollarını arayıram. Amma bəzi dostlar heç nə etmədən “problem həll olsun” tələb edirlər.

Bu gün cəmiyyətimizdə qan-qan deyənlərin də nəzərinə bir həqiqəti çatdırmaq istəyirəm. Bunu tələb edənlərin səmimiliyinə şübhə etmirəm. Amma müharibə olsa və biz erməni qoşununu Qarabağdan çıxartsaq, oradakı dinc ermənilərin taleyi necə olacaq?

Kimsə bu barədə düşünməyi özünə əskiklik kimi qəbul edə bilər. Amma dünya məhz bunu düşünür. Və nə qədər ki, dünya bunu düşünəcək, biz düşünməyəcəyik, Qarabağ düyünü açılmayacaq.

Bunu düşünmək üçün isə əvvəlcə SÜLH nə deməkdir sualına cavab tapmaq lazımdır.

 





06.02.2019    çap et  çap et