Vaxt.Az

Nüvə qərarının fəsadları


 

“Bu qərar yeni qarşıdurma yaradacaq”

Nüvə qərarının fəsadları ABŞ və Rusiyanın qarşılıqlı olaraq Nüvə sazişindən çıxmaq qərarını açıqlaması dünya gündəmində böyük əks-səda yaratdı. İki supergücün bu addımının dünya siyasətinə böyük təsir edəcəyi gözlənilir.

Bu qərardan sonra yaranmış vəziyyəti Varşava Beynəlxalq Münasibətlər Mərkəzinin eksperti Dr. Bruno Surdel şərh edir.

“Biz Nüvə sazişinə geniş miqyasda baxmalıyıq. 1987-ci ildən bəri dünya siyasətində bir çox dramatik dəyişikliklər baş verib. Mən əsasən Çinin artıq iqtisadi gücdən hərbi gücə çevrilməsini nəzərdə tuturam”, - deyə Dr. Surdel bildirib.

Hazırda Vaşinqton-Pekin güc mübarizəsinin müşahidə olunduğunu qeyd edən Bruno Surdel ABŞ-ın qərarını belə izah edib: “ABŞ öz qərarını keçən ildən verib və bu, yalnız Rusiyanı nəzərdə tutmur, Çin də buraya aiddir. Düşünürəm ki, Çinin güclənməsi ABŞ-ın qərarına təsir edir və bu addım Çinə qarşı hesablanmış planın bir hissəsidir”.

Dr. Surdel sazişin qüvvədən düşməsinin yeni silah yarışının yaranmasına gətirib çıxaracağını bildirib: “Mən qorxuram ki, sazişin sonlandırılması 2021-ci ildə vaxtı bitən START (Strateji Silahların Azaldılması Müqaviləsi – red.) müqaviləsinin uzadılmamasına gətirib çıxarsın”.

Bruno Surdel, eyni zamanda, baş verən hadisələrin qlobal təsirlərinə də toxunub. O, bildirib ki, Avropa Nüvə Sazişinin ləğvindən çox narahatdır. Buraya xüsusilə, Almaniya kansleri Angela Merkelin Kalininqradda rus hərbi gücünün artırılması ilə bağlı bəyanatını aid etmək olar:

“Əlbəttə, Nüvə Sazişinin bitməsi Rusiyanın yaxın ətrafında da hiss olunacaq. Rusiya Qafqazda hərbi gücünü artırmaq istəyəcək. Ümumilikdə isə bu vəziyyət Türkiyəni çətin vəziyyətə sala bilər. Lakin inanıram ki, Türkiyə münasibətləri nizamlaya biləcək. NATO üzvü və Rusiyanın yaxın tərəfdarı kimi mövcud situasiyadan çıxacaq”.

Ekspertin fikrincə, Rusiya və ABŞ-ın sazişdən imzalarını geri götürməsi və Çinin dünya arenasına daha fərqli formada daxil olması siyasi meydanda yeni qarşıdurmalara şahid olacağımızdan xəbər verir.

Ülvi ƏHMƏDLİ

 





06.02.2019    çap et  çap et