Vaxt.Az

Tələbata uyğun kadr hazırlayın!


 

AFFA üçün təklif gəldi

Tələbata uyğun kadr hazırlayın! Həftənin əvvəli AFFA-nın bir sıra məşqçilərə diplom və sertifikatlar təqdim etməsi ilə əlamətdar oldu. Futbol akademiyasında qapıçı məşqçiləri üçün UEFA-nın A kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq sənədlər təqdim olundu.

Qapıçı məşqçilərinin fərqləndirilməsi əla təşəbbüsdür. Spesifik sahədir və ayrıca qiymətləndirilməsi lazım idi.

Lakin AFFA bu baxımdan daha əhatəli işləməlidir. Ölkəmizdə 10 ildir yeyib-yatan texniki direktor Bernard Lippert təkcə diplom paylamaqla kifayətlənməməli, ölkə futbolunu kadr potensialını və ehtiyaclarını müəyyənləşdirməklə məşğul olmalıdır. Vakansiyalar müəyyənləşməli, kurslar tələbata görə təşkil edilməlidir. PRO kateqoriyalı məşqçilərin sayını 50-yə çatdırmaqla inkişaf olmur, ölkədə cəmi 8 peşəkar klub var. Və ya digər kateqoriyalar üzrə yüzlərlə diplom paylamaq çıxış yolu deyil.

Ölkədə fiziki hazırlıq üzrə bircə məşqçi yoxdur. Bütün klublarımız əcnəbilərin ümidinə qalıb, yalnız “Keşlə”də beləsi yoxdu. Bu klub ümumiyyətlə, sözügedən postu boş qoyub və acı nəticəsini də 15-ci turda yaşadı. “Səbail”lə oyunda komandanın qış hazırlığını düzgün keçmədiyi, fiziki yükləmələrin doğru verilmədiyi aydınlaşdı. Buna görə də ayağı top tutmayan futbolçular darmadağına (0:3) şahid oldu.

Digər bütün klublarımız ölkədə mütəxəssis tapmadığından xaricə boylanmağa məcburdur və faktiki qazanclı iş yerləri başqalarına etibar olunur. AFFA bu məsələyə diqqət yetirməli, məşqçiliyə yeni başlayanlar üçün kurslar, seminarlar təşkil etməli, bu sahəni seçmələrinə istiqamət verməlidir. Fiziki hazırlıq üzrə məşqçilər üçün xüsusi hazırlığa ehtiyac var. Bu, həm potensial iş yerləri, həm də yeni təcrübə deməkdi. Elə sahədir ki, xüsusi istedad tələb etmir, sadəcə, iş düzgün aparılmalı, kadrlar yetişdirilməlidir.

Günümüzün futbolunun fiziki hazırlığa, sürətə, dözümlülüyə söykəndiyini nəzərə alsaq, bu baxımdan gecikdiyimizi də deyə bilərik. Kimə gəldi kateqoriya paylayıb, onları uşaq futboluna, gələcəyimizi şikəst etməyə göndərməkdənsə, daha vacib sahələrə yararlı kadrlar hazırlamaq lazımdı. Lippertin hesabatlarında, illik planlarında bu barədə qeydlər olmayıb, bundan sonra olacağına ümid edirik.

 





08.02.2019    çap et  çap et