Vaxt.Az

“Magiyanın dəstəyinə böyük ehtiyacı var”


 

Rusiya cadugərləri Putinə görə toplandı

“Magiyanın dəstəyinə böyük ehtiyacı var” Moskvanın mərkəzində yerləşən məkanların birində qeyri-adi mərasim keçirilib. Bir qrup yerli görücü bir araya gələrək Rusiya prezidenti Vladimir Putinə qarşıdakı prezident seçkiləri ilə bağlı dəstək nümayiş etdirib.

Xanımlardan ibarət dəstə “Güclü görücülər imperiyası” adı altında fəaliyyət göstərən təşkilatın üzvləridir. Mərasim boyunca Putinin bir portreti belə, gözə dəyməyib. Qara geyimli və əllərində kitab tutan qadınlar dəstə başçısı Alyona Polının rəhbərliyi altında sehr oxuyublar.

“Eşidən və eşitməyənlər, görən və görməyənlər, var olmuş, var olan və var olacaqlar mənim sözümü unutmayacaq. Mənim sözüm vasitəsilə Rusiya hakimiyyətinin gücünün böyüklüyünü artır, Vladimir Putinin yolunu doğru yönləndir! Rusiyanın gücü möhkəmlənsin, Vladimir Putin doğru yolları görsün!”, – deyə oxunan sehrlərin birində deyilib.

Görücülər hesab edirlər ki, ötən prezident seçkilərində Vladimir Putin səslərin 77 faizini qazansa da, magiyanın dəstəyinə böyük ehtiyacı var.

“Güclü görücülər imperiyası”nın qurucusu Alyona Polın deyir ki, bu ayin Rusiyanın xeyrinə keçirilir, prezident isə ölkənin əsas simasıdır.

Təşkilatın üzvlərindən olan Yuliana Zolotnitskaya əmindir ki, Rusiya hökumətini, ilk növbədə də Vladimir Putini mütləq şəkildə dəstəkləmək lazımdır.

“Ölkədə ağır şərait hökm sürür. Biz sahib olduğumuz güclə prezidenti dəstəkləmək istəyirik”, – deyə başqa bir görücü İrina bildirib.

“Şərait niyə ağırdır və Putin kimə qarşı mübarizə aparır?” sualına isə İrinanın cavabı belə olub: “Ona hücum edən hər kəslə. Və biz də istəyirik ki, bu bədxahlar sussunlar”.

Mərasimdə Putinin bədxahlarına və düşmənlərinə lənət oxumaq da yaddan çıxmayıb: “Bizə pisliklə gələnlər, bizdən pisliklə gedənlər, ziyan vuranlar və şər danışanlar… Əbədi və sonsuz düşmənlər lənətə gəlsin!”.

Düşmənin kim olduğunu isə ayin iştirakçıları açıqlaya bilməyiblər.

Alyona Polın onu da bildirib ki, mərasimin tarixi, saatı və yeri xüsusi olaraq seçilib: “Hər şey detallara qədər hesablanıb ki, enerji düzgün getsin. Bu enerji yer üzündə həyat səviyyəsinin Rusiya vasitəsilə yaxşılaşmasına yönəlib”.

Görücülər əmindilər ki, mərasimdə oxunan sehrlər Putinin gücünü mütləq şəkildə artıracaq.

 





07.02.2019    çap et  çap et