Vaxt.Az

Uğurlar cənab səfir!


 

Mişenko bir çoxlarından fərqli olaraq açıq danışır

Uğurlar cənab səfir! Azərbaycan-Ukrayna əməkdaşlığının inkişafında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun rolu danılmazdr. Səfirin fəaliyyətinin ilk illərində münasibətlərimizdə müəyyən gərginliklər yaşandı, ancaq sonra bunları aşdıq və demək olar ki, aramızda dost münasibətlər yarandı. Bu dostluğun təməlində həm də iki ölkənin üzləşdiyi oxşar problemlər və üst-üstə düşən maraqları dayanırdı.

Mişenko nə az, nə çox düz 8 il Azərbaycanda çalışdı. Bundan əvvəl isə ölkəsinin Türkiyə və Avstraliyada səfiri olub. Səfir bir neçə gündən sonra Bakını tərk edir, Ukrayna XİN-nində yeni təyinat alıb. Həm Kiyev, həm də Bakı səfirin fəaliyyətini yüksək qiymətləndirib. Demək, Mişenkonun yeni vəzifəsi daha bir pillə arta bilər. Mişenkonun Ukraynanın müstəqillik günü tədbirlərində Azərbaycan dilində çıxış etməsi Azərbaycan cəmiyyətində müsbət qarşılanırdı. Mişenko bir çox səfirdən fərqli olaraq Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq söyləyir və işğala son qoyulması vacibliyini bildirirdi.

Aleksandr Mişenko ukraynalıların Azərbaycandakı dağınıq şəkildə fəaliyyət göstərən müxtəlif diaspora təşkilatlarını birləşdirdi və bu təşkilatların Ukrayna və Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsi üzrə əsas prinsip əsasında yenilərini yaratdı.

Mişenkonun səfir olduğu illərdə Azərbaycanla Ukrayna arasında əlaqələr genişləndi, ticarət mübadiləsi artdı və birgə layihələrin müzakirəsinə başlanıldı. Son illər ərzində Ukraynaya gedən azərbaycanlı turistlərin sayı artdı.

Ukraynanın gələcək prezidentlinin kimliyindən asılı olmayaraq Kiyevin Azərbaycana təyin edəcəyi yeni səfirin də Mişenko qədər fəal olacağını arzulayırıq.

 





09.02.2019    çap et  çap et