Vaxt.Az

“Vəsvəsə”yə düşənlər …


 

… yaxud romantik duyğuların sərt reallıqla üzləşməsi

“Vəsvəsə”yə düşənlər … Ağacı qurd içindən yeyən kimi adamı da dərd-sər yeyib bitirir. Belə olmasaydı, hərə bir ağrının əlində çapalamazdı. Çünki elə dərdlər var ki, nə çarə tapır, nə də qurtula bilirsən...

Fərqli teatr cərəyanlarının ortaq məxrəcində tamaşalara səhnə ömrü verilən Dövlət Yuğ Teatrı bu dəfə də bir dərddən qurtulmağın yollarını göstərməyə çalışır. Bunu səhnəyə teatrın quruluşçu rejissoru, eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” tədris teatrının direktoru Gümrah Ömər gətirir. Onunla Tədris teatrında, məşq prosesində görüşdük. İstər özü, istərsə də aktyor heyəti ağır və bir o qədər də romantik çalarlı real mövzunun təsirində idilər...

Tamaşa görkəmli Norveç dramaturqu Henrik İbsenin  (1828-1906) “Vahimə” əsəri əsasında hazırlanır. Rejissorun “Vəsvəsə” adını verdiyi səhnə işi martın ortalarında tamaşaçı ilə görüşəcək.

Tamaşanın səhnə tərtibatçısı teatrın baş rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Amid Qasımovdur. Rolları (dublyorlar da daxil) Zümrüd Qasımova, Mətanət Abbaslı (Qadın), Elxan Abbasov və Amid Qasımov (Keşiş), Oqtay Mehdiyev, Vüqar Hacıyev (Dülgər), Elgün Həmidov (Rəssam) və başqaları ifa edirlər. Onu da əlavə edim ki, tamaşada teatrın əsasən gənc aktyorları iştirak edir.

Rejissor bu səhnə həlli ilə XX əsr Avropasının mənəvi aləmini əks etdirən müəllifin cəmiyyətdə mövcud olan romantik duyğuların sərt reallıqla üzləşməsi prosesinin vizual təcəssümünə çalışır. Bu mənada tamaşa zəmanəmizin əxlaq gerçəklikləri ilə tam səsləşir. Rejissor fərqli baxış bucaqları və obrazlar üzərindən ştrixlərlə bir neçə istiqamətdən bunu göstərməyə çalışır.

Gümrah Ömər: “Tamaşa artıq nəzəri mərhələni keçib, təcrübi mərhələdədir. Psixo-dramatik aksiya kimi düşünülən tamaşaya bu kontekstdən də baxacağıq. Tamaşaçılara öz poetikamıza, öz metodikamıza uyğun maraqlı səhnə məhsulu təqdim edəcəyik”. 

* * *

Məşq fasiləsi zamanı rejissordan müəllifin qoyduğu hansı problemi daha çox qabartdığını və hansı formada tamaşaçıya çatdıracağını soruşduq. Yəni XX əsr romantizmini və həmin dövrün reallığını əsərlərinə daşıyan dramaturqun ideallarına çağdaş nəzərlərlə nə kimi rəng veriləcək?

- Henrik İbsen dünya ədəbiyyatının görkəmli simalarından biridir. Əsərlərinin qayəsi əbədi və əzəli mövzulara, problemlərə söykənir. Xüsusilə “Vahimə” əsərində insanın varolma problemləri, cəmiyyətdəki rolu, mövqeyi, düşüncəsi şaxələnir. Müəllif diqqətimizi bu ziddiyyətli məqamların içindəki problemlərə yönəldir. Təbii ki, sənətin ən vacib və müqəddəs missiyalarından biri insanın mənəvi dünyasındakı ağrıları işıq üzünə çıxarmaq və hər dövrün tələblərinə görə baxmaqdır. Bilirsiniz ki, çağımızda meyarlar, o cümlədən insana münasibət çox dəyişib. Yaşam şərtləri, dəyərlər sistemində bir sıra məsələlər artıq deformasiyaya uğrayıb. Buna baxmayaraq, hər zaman irəliyə hərəkət vardır.

Əsər forma etibarilə qəribə mövzuya, problemə dayanır. Məlum olur ki, bu yalnız formadır. Forma çaşdırıcı, aldadıcı ola bilər. Amma mahiyyət heç vaxt dəyişmir. Buna görə də İbsenin toxunduğu məsələlər son dərəcə aktualdır. Baxın, çağımızda bir sıra saxta dəyərlər uydurulur və mentalitet, mənəvi dəyərlər adı altında gizlədilir. Əsl həqiqət isə başqadır. Tamaşada bizi düşündürən məsələlərdən biri də budur.

Tamaşanın bir neçə səhnəsinin məşqində də rejissor aktyorlara məhz bunu təlqin edir, bir növ obrazın daxilində yatan ilanı boğmağa çağırırdı. Bu isə elə də asanlıqla alınmırdı. Çünki psixoloji gərginlik fonunda yüksək idealların vizual ahəngi çətin prosesdir...

Rejissor izah edir: “İbsen öz dövrü üçün saxta olan, mif kimi görünən məsələləri silkələyib, dağıdıb. Bütövlükdə bu proses daim baş verməlidir. Ədəbiyyatda da, digər yaradıcılıq sahələrində də. Təbii ki, bu baxış da qətiyyən dağıtmaq, sökmək yox, onunla rabitə qurmağa, faydalanmağa söykənməlidir”.

Əsərin ideya və çağırışlarına, rejissor yozumuna baxdıqda çox qapalı bir cəmiyyətdə insanların problemlərinin qabardıldığını görürük. Gümrah müəllim bu xüsusda deyir: “Sual edirəm, niyə insanlar özlərini məhkum etməyə, qapamağa, evlərinin hasarlarını hündürə qaldırıb bir-birindən qaçmağa, gizlənməyə çalışırlar? Niyə hər düşündüyümüzü rahat bölüşə bilmirik? Çünki mənən azad və rahat olmaq istəmirik”.

H.İbsenin “Vahimə”sində də insanlar bir-birinə açıq deyillər. Müəllif əsər vasitəsilə insanın içində illərlə yığılmış mənəvi naqislikləri, çürük anlayışları bir-bir üzə çıxarır. Əslində, dramaturq bununla insanlara mənəvi dünyasını təmizləmək şansı verir.

Müxtəlif obrazlar və texniki imkanlar fonunda əsərin ana ideyasına köklənən aktyorlar da sanki özləri ilə bir mübarizə, savaş içindədirlər. Burada obraza təslim və ya onun üzərində qələbə kimi iki qütbün savaşı var. Yeganə qalib isə, təbii ki, tamaşaçı olacaq. Çünki savaş başqasına asan və maraqlı olur. Onda, gəlin, birlikdə onların səhnəyə çıxışını gözləyək...

 





09.02.2019    çap et  çap et