Vaxt.Az

Həsən ağa qüdrəti...


 

Teatrının səhnəmizdə “adam dilində” danışmağın əsasını qoya “Şöhrət”li İNSAN

Həsən ağa qüdrəti... 23 fevral tarixi Xalq artisti, “Şöhrət” ordenli aktyor Həsən Turabovu anım günüdür...

2003-cü ilin fevral ayının 23-ü-bazar günü idi.  Marta nə qalmışdı ki... Qarşıdan yaz gəlirdi,  Novruz kandarda, havada ümidli günlərin qoxusu. Yaz özü ilə bərabər yeni, uğurlu, sevincli günlər gətirəcəkdi.  Fevralın sonlarında istər-istəməz həyatda bir canlanma başlayır, sabaha ümid yaranır. Elə bilirik ki, həyatımızda yaxşı olmayan nə varsa qışda qalacaq, qoxusu gələn yazdan o qədər umacağımız var ki…

Nə yazıq ki, kimsə yalnız gözəlliklər, yaxşılıqlar umulan o yaza çıxa bilmir və onun  kim olacağını da bilə bilmirik ki… O gün də elə oldu. Biri  sadəcə üz çevirib getdi. 

Amma bu gündən hər birimiz üçün var. Hamımız hansısa bir yazı görməyib gözlərimizi bu dünyaya əbədi qapadacağıq. Nə xoşbəxt o şəxsə ki dünyanı tərk edəndən neçə il sonra da yada düşəcək və arxasınca “Allah rəhmət eləsin”, “Hayıf o insandan” kimi ifadələr səslənəcək. Bunun üçün nə lazımdır ki? Əslində çətin heç nə, bəlkə də kənardan baxanda asan gələn, amma çox çətin bir nəsnə - şəxsiyyət olmaq.  Hansı sahədə olursan ol, az tanın, çox tanın, heç tanınma, ətrafında öz dairənin tanıdığı, qohum-əqrabanın bildiyi bir kəs ol, yetər ki, insan ol. İnsan olmaq tanınmış, məşhur səxs üçün göründüyündən daha çətindir. 

Onu hamı tanıyır, hətta Azərbaycandan kənarda. Çəkildiyi filmlər Sovet dönəmində  Amerikada belə göstərilib. Təkcə “Yeddi oğul istərəm” filmində Gəray bəy obrazını demək kifayətdir. 

Onun əsl adı Həsəndir. Tələbə ikən ağayanalığı, şux qaməti, yerişi-duruşu ilə tələbə yoldaşlarından “ağa” titulu qazanıb.  Sonralar “ağa” sözü adının yanında çəkilb və Həsən Həsənağa olub. Onu çox yüksək qiymətləndirən rejissor Tofiq Kazımov Turabova “Turab” deyərmiş.  Aktyor dostları arasında ona Turabov deyə soyadı ilə müraciət edənlər də vardı.  Bəlkə bu onun həm də uzun illər rəhbər vəzifələrdə işləməsi ilə bağlıdır. Həm teatr direktoru, həm də Teatr Xadimləri İttifaqının (TXİ) sədri. Yeri gəlmişkən, TXİna rəhbərlik etdiyi dövrlərdə həmin ittifaq qədər aktiv fəaliyyətdə olan ikinci qurum yox idi. Turabov özü də aktyor, həm də çox kövrək insan olduğundan o təşkilatda xatirə gecələri, yaradıcılıq gecələri, görüşlər mütəmadi xarakter almışdı. Tez-tez müxtəlif teatr festivalları keçirilirdi. Teatrda yaxşı alınan tamaşanın premyerasından sonra yaradıcı qrupu özü yeyib-içməyə aparırdı. Belə vəzifə adamı idi.    

“Bəyin oğurlanması”nda  rejissor  Əsəd – bir az baməzə, bir az dilxor, həyatdan bezmiş kimi. “Qəm pəncərəsi”ndə Mirzə Cəlil - klassikin, tarixi şəxsiyyətin obrazı. “Yaramaz”da Qəzənfər -  yaramazın özündən yaramaz.  “Təhminə”də Dadaş - loyal, yaşlı bir elm adamı.  “Qorxma, mən səninləyəm”də əzazil bəy Cəfər. “Dantenin yubileyi”ndə  aktyor olmaq üçün özünü oda atan, nə yazıq ki, istedadsız Kəbirlinski.  “Dərviş Parisi partladır”da   atları özündən də çox sevən, vecsiz  Rəşid bəy.  “Axırıncı aşırım”da sıradan bir bolşevik - Xəlil. “Yeddi oğul istərəm”də  Gəray bəy,  “Qanlı zəmi” də qaçaq  Nəbi (həm də filmin quruluşçu rejissorudur), “Tənha narın nağılı” – Əli ( həm də quruluşçu rejissor).  Bütün bunlar adi sıralama deyil, hər biri digərinin əksi olan xarakterlərdir. Biri digərinə heç bir xüsusiyyəti ilə bənzəmir. Adamın inanmağı gəlmir ki, bu obrazların hamısını eyni aktyor yaradıb – Həsənağa Turabov.

Onun kino yaradıcılığı hər birimizin gözlərin önündədir. Bizim nəsil Həsən Turabovun teatr tamaşalarını görməyib. Yalnız lent yazılarından ayrı-ayrı tamaşalardan qısa fraqmentlər görmüş olarıq.  Məsələn, “Aydın”dan, yaxud “Sən həmişə mənimlsəsən”, “Unuda bilmirəm” tamaşalarından. Qalanlarının lent yazıları da yoxdur. 

Həsən Turabov həm də çox gözəl qəzəl söyləyirmiş. 

Yox... onun haqqında “miş”, “miş”lə yaxud, kiminsə dilindən xatirlərini qeyd etməklə yaza bilməyəcəm. Çünki bu adamla dəfələrlə canlı ünsiyyətdə olmuşam. Dəflərlə haqqında yazmışam, dəfələrlə söhbətləşib, hal-əhval tutmuşam.  O qədər diqqətcil, kövrək, həssas, mehriban insan idi ki, bir az görünməyəndə özü adamı axtarırdı: “Qızım, hardasan? Səsin gəlmir. Dedim, birdən kimsə hansı yazından sonrasa sənə pislik edər, xəbərimiz olmaz”. Bunu  o vaxt demişdi ki, onun Milli Dram Teatrının direktorluğundan çıxarılmasından sonra teatra heç aidiyyatı olmayan insanlar rəhbərlik edirdi, onlar işçiləri incidir, haqsız olaraq işdən çölə atır, kassadan bilet pullarına qədər oğurlamağa cəsarət edirdilər. Mən də bunları yazmışdım və sonra bir neçə günlük istirahətə getmişdim.  Həsən Turabov elə bilmişdi ki, yazdıqlarıma görə kimsə məni işdən çıxartdırıb. Belə insan idi.

İlk dəfə onunla müsahibə almaq istəyimi bildirib tanış olanda, kobud cavabla rastlaşmışdım, dəstəyi də başıma çırpırmış kimi yerə qoymuşdu. Çox qeyzlənmişdim, düşündüm ki, belə bir sənətkar necə pis adam imiş. Bir yazı hazırlamaq fikrinə də düşmüşdüm. Bir saat sonra redaksiyaya İlham Rəhimli gəlməsəydi, bəlkə də sənətkar mədəniyyətsizliyi barədə yazım dərc olunacaqdı. Sağ olsun İlham Rəhimli izah etdi ki, Turabovun oğlunun faciəli ölümündən sonra jurnalistlərə qəzəbi soyumayıb, çünki ondan müsahibə alan bir jurnalistin “Oğlunuzun ölümünü eşidəndə hansı hissləri keçirdiniz?” sualı onun qəlbini möhkəm yaralayıb. İlham Rəhimli mənə müsahibə verməsi üçün Turabovun razılığını aldı. O vaxt Milli Dram Teatrında, onun direktor kabinetində görüşdük. Çox gülər üzlə qarşıladı məni, çay içə-içə, səmimi söhbət etdik. İndi haqqında yazacaqlarım da  o vaxt özünün mənə danışdıqlarıdır.

Həsən Turabov Bakıda 1938-ci ildə martın 24-də dünyaya gəlib. Çox sadə, adi bir ailədə. Anası evdar qadın, atası sadə əmək adamı olub.  İki qardaş olublar. Böyük Vətən Müharibəsinin ağır illəri onların uşaqlıq illərinə düşüb. Bununla belə Həsən orta məktəbi bitirib və Teatr İnstitutuna daxil olub. Riyaziyyatı çox gözəl bildiyindən hamı düşünürdü ki, Həsən riyaziyyatçı olacaq. Məhlədə oturub-durduğu dostlar arasında ən çox ünsiyyətdə olduğu Siyavuş bir gün Həsəni özü ilə dram dərnəyinə aparır. Hər gün sonradan məşhur Siyavuş Aslan olacaq dostu Siyavuşun dərnəkdə oynadığı rollara baxmağa gedən Həsən bir gün görür ki, özü də səhnədədir. Siyavuşun toppuş görkəmi, komik rolları onda da xüsusən komediya janrına meyl yaradıb. Məhz komik rollar oynamaq üçün Teatr İnstitutuna daxil olub dörd il Mehdi Məmmədovdan aktyorluq dərsi alır.

Yaxşı diksiyası olduğu üçün elə tələbə ikən onu radioda işə götürürlər.  Diplom tamaşasında oynadığı Hacı Qəmbər obrazı onun teatr taleyini müəyyənləşdirir. Həmin tamaşanı Adil İsgəndərov görür və Həsən Turabovu teatra dəvət edir. O vaxtlar teatrln aktyor truppasına işə götürülmək çox çətin məsələydi.  Buna görə də Həsən Turabov dərhal radiodakı işdən çıxır və teatra gəlir. Adil İsgəndərov onun Mehdi Məmmədovun tələbəsi olduğunu biləndə aktyor kimi işə götürmək fikrindən daşınır.  Mehdi Məmmədovla Adil İsgəndərovun soyuq münasibətləri təəssüf ki, sənətə də sirayət edirmiş. Onu köməkçi heyətə işə götürən Adil İsgəndərov az müddətdən sonra Turabovu aktyor kimi təsdiq edir. Eyni dövrdə aktyor filmlərə dəvət almağa başlayır. 

Teatrda, kinoda tanınmış aktyor bir gün alman dili müəlliməsi Solmaza aşiq olur. Turabovun bu barədə dodaqküncü gülümsəməklə danışması indiyə qədər gözlərim önündədir: “Atası dedi ki, mən mütrüfə qız vermərəm.” Mən də maraqla soruşdum:  - Bəs, necə oldu, evlənmədiniz o qızla? “Necə evlənmədim, götürüb qaçdım, indi üç övladımın anasıdır, üç idi, indi iki övladım var”.

Turabov xasiyyətcə mülayim olduğu qədər də prinsipial və öz prinsiplərinə sadiq adam olub. Bu səbəbdən də 61-ci ildə aktyor kimi teatra işə götürülən adam 62-ci ildə rejissor Nəsir Sadıqzadə ilə “Qaçaq Nəbi” pyesində Nəbi rolunu məşq edərkən sözləri düz gəlmədiyindən ərizə verib işdən çıxır. Birbaşa Odessa Dənizçilik İnstitutuna gedən və qəbul olan Həsən elə həmin il Mehdi Məmmədovun təkidi ilə yenidən teatra qayıdır. Dənizçilik İnstitutu qalır yarımçıq. Ondan sonra uzun illər Milli Dram Teatrının səhnəsində xüsusən baş rollarda oynayır. Teatra Həsən Turabovun timsalında yeni estetika gəlir. Azərbaycan teatrının səhnəsində Tofiq Kazımovun təbirincə desək “adam dilində”, yəni pafosdan uzaq, həyatda olduğu kimi danışmağın əsasını  Həsən Turabov qoyur.  İlk dəfə Turabov sübut edir ki, fikri çatdırmaq üçün qışqırmaq lazım deyil. İlk rollardan onun teatra gəlişi barədə xəbərlər yayılır, artıq tamaşaçılar bu aktyoru görmək üçün teatra gəlirlər.  

Həsən Turabov gözəl aktyor idi, amma futbol, bir də şahmat oynamağı çox sevərdi. Şahmat oynayanda onun fikrini yayındıra bilən yeganə qüvvə isə nəvəsi Daşqın idi.

Daşqın əslində Turabovun böyük oğlunun adıdır. Turabovun iki oğlu, bir qızı vardı. Bayaq özündən gətirdiyim sitatda dediyi kimi üç idi, indi ikidir. Oğlanlarının hər ikisi hüquqşünasdır. Böyük oğlu Daşqın Siyəzəndə vəzifə başında, 1997-ci ilin mart ayında qəhrəmanlıqla həlak olub. Onun Ülkər adlı bir qızı qalır. İkinci oğlu indi də həmin orqanlarda çalışır. Turabovun qızı Sevinc isə anası kimi alman dili müəlliməsidir.

Daşqın indi Sevincin oğlunun adıdır.  Həsənağa Turabov oğlunun həlakından sonra uzun illər ürək ağrılarından əziyyət çəkdi.  İlk və son dəfə Milli Dram Teatrına seçki yolu ilə direktor seçilmiş Həsənağa Turabov İranda ürəyindən əməliyyat olundu. Ondan sonra cəmi dörd  il yaşadı. Həmin əməliyyatdan sonra həkim üç il ömür vəd edir. O dörd ildə Həsənağa nəvəsi Daşqınla nəfəs alır, ondan oğlunun qoxusunu alırdı. O dörd il onun yaradıcı fəaliyyətinin çox qısa bir dövrü oldu. Əsasən rəhbər kimi fəaliyyət göstərirdi. Elə bir rəhbər ki, indi eləsini tapmaq çox çətindir.  Böyük kollektivə rəhbərlik edəsən, sən içəri girəndə o kollektiv qorxudan deyil, nüfuza hörmətdən ayağa qalxsın. “Turabov gəlir” deyəndə hamı özünü yığışdırsın. Həm də yuxarı dairələrdə sənin nüfuzun rol oynaya. Səninlə hesablaşalar, qəbul etməyələr, səni rəhbər görmək istəməyələr, amma bununla hesablaşmağa məcbur olalar.  Sənə görə teatr boyda bir mədəniyyət nüfuzdan salınmağa başlaya, sıxalar, çərçivə günü-gündən darala, sənin şəxsiyyətinə zərrə qədər xələl gəlməyə.  Şəxsiyyətin oynadığın obrazlara da hopa. Aldığın adların, diplomların sayı-hesabı olmaya. Səni çağırıb “ərizəni yaz” deyilməyini gözləmədən özün ərizəni yazıb vəzifədən gedəsən. Çünki başa düşmüşdü ki, əli ilə vəzifəyə gətirdiyi şəxs ona bu təklifi edəcək.  Bir gün özün hiss edəsən ki, iyrəncləşən cəmiyyəti tərk etmək istəyirsən, ən yaxşısı budur. “Daşqının yanına getmək istəyirəm”, - deyəsən və üstündən cəmi bir neçə gün keçəndən sonra istəyinə çatasan. Beləsi Tanrının da sevdiyi deyilmi?

2003-cü il fevralın 23-ü, bazar günü idi. Turabov səhər erkən qalxmışdı. Axşam boks çempionatına baxıb gec yatsa belə yenə erkən durmuşdu. Adətinə uyğun olaraq eyvana çıxıb Xəzərin üstündən günəşin Bakı üzərinə çıxıb şöləsini yaymağa başladığına tamaşa etdi. Bu onun səhərlər ən çox sevdiyi iş idi. İçəri geçib “Daşqın hanı?” soruşdu və yıxıldı. Qızı Sevinc deyir, indiyə qədər bizə müəmmalı qalıb ki, atam oğlu Daşqını soruşdu, yoxsa qonşu otaqda xalça üzərində oyuncaqlarla oynayan nəvəsi Daşqını.       

Gözlərimiz önündə Gəray bəyi, Kəbirlinskini böyük məharətlə yaradan aktyorun gülümsər çöhrəsi durur. Hər şəxsiyyətin işi deyil, dünyaya şəxsiyyət gəlib, şəxsiyyət kimi də ölmək. Bunu üçün ağa qüdrəti lazımdır. Həsən Ağa qüdrəti.

 





23.02.2019    çap et  çap et