Vaxt.Az

Məxfi missiyalı Ankara səfəri


 

Kuşnerlə Ərdoğan iki saat nə danışdı?

Məxfi missiyalı Ankara səfəri Ağ Evin baş müşaviri Cared Kuşner Səudiyyə kralı və vəliəhdi ilə danışıqlar apardıqdan bir gün sonra Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla görüşüb.

Türkiyə prezidentinin administrasiyası fevralın 27-də bildirib ki, ABŞ prezidenti Donald Trampın kürəkəni Kuşnerlə görüşdə habelə Türkiyənin iqtisadiyyat naziri, həm də Ərdoğanın kürəkəni olan Berat Albayrak da iştirak edib.

“Anadolu” dövlət agentliyi Ankarada keçirilmiş görüşün iki saat çəkdiyini bildirib, lakin bundan artıq təfərrüatlar verilməyib. Ağ Ev bildirir ki, Kuşnerin səfəri hələ ki bəyan edilməmiş Yaxın Şərq sülh təşəbbüsünün tərkibinə daxildir.

Kuşner deyib ki, bu planın xırdalıqlarını, aprelin 9-da keçiriləcək İsrail seçkilərindən sonra açıqlayacaq.

Kuşner fevralın 26-da Səudiyyə Ərəbistanının kralı Salman və qüdrətli vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşmüşdü. Ağ Ev bildirir ki, bu səfərdə Kuşneri ABŞ-ın Yaxın Şərq üzrə səfiri Cason Qrinblatt və İran üzrə xüsusi nümayəndə Brayn Huk müşayiət edirlər.

Bu, ABŞ-da yaşayan səudiyyəli jurnalist Camal Xaşuqcinin qətlindən sonra hər hansı ABŞ rəsmisinin bin Salmanla ilk üzbəüz görüşü idi. Riyad bu qətldə vəliəhd şahzadənin əlinin olduğuna dair iddiaları rədd edir və bildirir ki, jurnalisti özbaşına hərəkət edən agentlər öldürüblər.

Kuşner habelə Birləşmiş Ərəb Əmirliklərinə, Bəhreyn və Omana səfərlər edəcək.

 





28.02.2019    çap et  çap et